"Paytaxt yollarında bəzi sürücülər sanki işıqforun qırmızı işığının tələbinə məhəl qoymurlar. Həm qayda pozuntusuna yol verirlər, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar".
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı bu qəzalar sürücülərin işıqforun qırmızı işığında keçməsi səbəbindən baş verib. Bəzən ölüm və xəsarətlə nəticələnən bu cür yol-nəqliyyat hadisələri onların ani diqqətsizlik və səbirsizlik göstərməsi nəticəsində olur. İşıqforun yaşıl işığının bitməsinə 1 saniyə qalmış sürəti daha da artırıb yollarına davam etmək istəyən belə sürücülər özlərinin və digərlərinin həyatını təhlükə altında qoyurlar.
Ümid edirik ki, müşahidə kameralarına düşən bu videolardan sürücülər nəticə çıxarar və işıqforun qadağanedici işarəsindən keçməyin nə qədər təhlükəli olduğunu görmüş olarlar", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə sürücülər barəsində 100 manat və 3 cərimə balı tətbiq edilir.