Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə günahlandırılan İlkin Süleymanovun qardaşı Adil Süleymanov məhkəmə prosesindən danışıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə o, “Sherg.az”a açıqlama verib.
A. Süleymanov sonuncu məhkəmədə öz yaxınları ilə Nərminin ailəsi arasındakı münaqişənin səbəbindən söz açıb:
“Məhkəmə oldu. prokuror İlkinə 20 il iş istədi. Mən qohumlarıma demişdim ki, bu prokurorun iradəsi çərçivəsində deyil. Ümumiyyətlə iş başdan saxta qurulub. Qohumlarıma dedim ki, prokuroru günahlandırmağın mənası yoxdur. Lakin Nərminin atası Şərif Quliyevə söz verdilər, o da bildirdi ki, 20 il azdır. Onun bu sözünə qohumlarımız pis oldular. Mübahisə düşdü, mən də maksimum çalışdım ki, sakitləşdirim. Amma Şərifin davranışlarına görə təkrar mübahisə etdilər. Jurnalistlər də çəkdilər. Bu problemlə bağlı onların valideynlərinin nə qədər ziddiyyətli ifadələr verdikləri işin içində də var. Biz Şərifin İlkinə qarşı davranışını qəbul etmirik.
Əgər lazım olsaydı, o, qızının cinayəti ilə bağlı ciddi sualların araşdırılmasını tələb edərdi. Bunu tələb etmirsə, onun üçün nə İlkin, nə də başqası maraqlıdır. Açıq-aşkar görünür ki, ona kimin həbs olunması maraqlı deyil. Nərminin valideynlərinin o qədər ciddi şübhə doğuracaq, ziddiyyətli ifadələri var ki. Bu, cinayət işinin içindədir. Çox təəssüf ki, bunlara qiymət verilmədi. Hətta nənəsi gələndə hakim ona veriləcək suallara imkan vermədi. Bir çox sualı çıxardı, imkan vermədi ki, cavab verilsin. Bu cinayət işinin ədalətli araşdırılmasını görmürük. Prokurorluğun mövqeyini də bilirik. Oxuduğu əsaslar adama qəribə gəlir. Bu cür əsaslarla, belə bir cinayət işləmək olarmı? Bu artıq Azərbaycan Respublikasının vətəndaşlarına zülmdür.
Bizi həbs edəcəkləri ilə hədələyiblər. Məni də, əmim oğlunu da bununla təhdid ediblər. Lakin bizi öldürsələr də, doğrasalar da, həbs etsələr, cəmiyyətdən təcrid etsələr də, mübarizəmizi aparacağıq. Çünki haqq-ədalət var. Biz də haqq-ədalətin ortaya çıxması, 11 yaşlı Nərmin Quliyevanın haqlarını müdafiə edərək bu mübarizəni aparırıq. Allahdan istəyirik ki, bu saxtakarlar üzərində qələbə çalaq”.
İ. Süleymanovun qardaşı söyləyib ki, Nərminin anası bir müddətdir proseslərdə iştirak etmir:
“Nərminin anası məhkəmədə yox idi. Biz onu iki ilə yaxındır ki, proseslərdə görmürük. Onların bir oğulları dünyaya gəlmişdi, yəqin onunla əlaqəlidir.
Nərminin meyiti yeni tapılanda rayondan köçməklə bağlı açıqlama vermişdi. Sonra bu barədə nəsə dediyinin şahidi olmamışıq. Kənddə yaşayırlar. Bu yaxınlarda onların evlərində çəkiliş edildi, təmir olunmuşdu. Hətta evlərinin müharibə dövründə top düşdüyü üçün dövlət tərəfindən təmir etdirildiyini bildiriblər. Canlı yayımda özləri bunu söylədi. Lakin biz bunu araşdırdıq, bələdiyyədən də istədik. Həmin əraziyə top düşməyib. Necə dövlət tərəfindən təmir edilə bilər? Məsələ onda deyil ki, niyə təmir olunub. Etdirsinlər. Lakin bu cinayət baş verəndən sonra niyə davamlı olaraq dəstək dururlar. Onların evini təmir etdirən kimdir? Adı qeyd edilmədiyi üçün dövlətin adından istifadə edib, top mərmisi düşdüyü üçün bərpa edilmiş kimi qələmə verir. Bələdiyyə dedi ki, evin təmirindən onun xəbəri yoxdur. Biz söylədik ki, onda siyahını təqdim edin.
Dedi, vəkil sənəd göndərsin sonra. Vəkillər də sorğu hazırlayıb göndərənə qədər söylədi ki, icazə vermirlər.
Onların adını siyahıya qeyd etsələr də, etməsələr də, bu, qeyri-mümkündür. Siyahıya əlavə edə bilməzlər, çünki həmin əraziyə top mərmisi düşməyib. Siyahıya daxil edilməsə də, kim təmir edib onların evini? Şərif Quliyevin özünün hərbi hissədən qaçması, fərariliyi ilə bağlı sənəd var. Ondan sonra ona veteranlıq təqaüdü düzəldilib. Necə düzəldilib? Kimlər himayə durur ona? Bununla bağlı faktlar var. Nərmin itəndən sonra Şərif Quliyevin evində qanlı uşaq paltarı tapılıb. Onu niyə gizlədirlər? Bu, Nərminə aiddirmi, ya deyilmi? O qədər ciddi faktlar var ki. Bu hələ valideynlərinin davranışı ilə bağlıdır. Cinayət işində isə çox ciddi materiallar mövcuddur”.
A.Süleymanov son olaraq qardaşının vəziyyətindən bəhs edib:
“İlkin Gəncə iki saylı Təcridxanadadır. Onunla bağlı heç bir problem yoxdur. Qanunla necə lazımdırsa, orada saxlayırlar. Dövlət necə şərait yaradıbsa, eləcə də təmin olunub . Heç bir sıxıntı yoxdur”.