Gürcüstanda parlament seçkiləri: Seçici fəallığı açıqlandı / YENİLƏNİB

Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94% təşkil edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Natia İoseliani jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, seçkilərdə ümumilikdə 2 060 412 nəfər səsvermə hüququndan istifadə edib. O, nəticələrin yekun olmadığını, 5 dağlıq rayondan hələ ki, məlumatların daxil olmadığını qeyd edib.

Müqayisə üçün 2020-ci ildə keçirilən parlament seçkilərində eyni vaxtda seçici fəallığının 56,11% təşkil etdiyi bildirilir.

Natia İoseliani əlavə edib ki, gün ərzində dairə seçki komissiyalarına ümumilikdə 337 şikayət daxil olub. Bunlar əsasən konfidensiallığın pozulması, işarələmə qaydalarının düzgün yerinə yetirilməməsi, seçki məntəqəsinin xaricində baş verən hadisələr, müşahidəçilərə və nümayəndələrə qarşı zorakılıq kimi məsələlər olub.

*** 18:52

Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.