“Evdə müalicə aldığım müddətdə də narkotik istifadə edirdim” – 10 il istifadəçi olan Kənanın HƏYAT HEKAYƏSİ

“Narkotikə görə 5 dəfə saxlanmışam, hamısında da atam həbsdən xilas edib”

“Artıq narkotikdən qorxmuram, sadəcə, daha istifadə etmək istəmirəm, yaşadığım, yaşatdıqlarım bəsdir”

“Valideynlərim istifadə etdiyimi bildikdə, narkoman kimi qeydiyyata düşməyim deyə, məni dispanserə aparmadılar, 6 dəfə evdə müalicə olunmuşam”

Kənanın (adı şərtidir-müəl.) 28 yaşı var. Ali təhsillidir. Universiteti 2017-ci ildə bitirib. Amma özü də etiraf edir ki, universiteti onun yerinə atası “oxuyub”, o, sadəcə zaman-zaman dərsə gedib-gəlib. Çünki 16 yaşından başlayaraq 10 il narkotik istifadə edib.

Kəna bildirir ki, uşaqlıqdan valideynləri onun “bir dediyini iki etməyib”. “Heç vaxt ailədə mənə səslərini belə, qaldırmayıblar”, - deyən hömsöhbətim əlavə edir ki, ata-anası onun narkotik istifadə etdiyini bildikdə ev şəraitində müalicəyə üstünlük veriblər: “Narkotik istifadə etdiyimi bildikdə dispanserə aparmadılar. İstəmədilər ki, narkoman kimi qeydiyyatda olum. Ona görə, ev şəraitində müalicə olunurudum. 6 dəfə evdə detoksikasiya keçmişəm. Amma həmin ərəfədə də narkotik istifadə edirdim”.

“Mən reallıqdan qaçmaq üçün narkotik istifadə etmişəm”, -deyən Kənanın sözlərinə görə, müalicə oluna-oluna narkotik istifadə etdiyini bildikdə, valideynləri artıq ondan əllərini üzüb:

“Artıq evdə məndən üz döndərmişdilər. Mən evə sadəcə yatmağa gəlirdim. Elə bir vəziyyət idi ki, düşünürdüm, bir gün qapını da açmayacaqlar. Bir sözlə, ailəmə az əziyyət verməmişəm. Məsələn, dəfələrlə evdən oğurluq etmişəm, narkotikə görə 5 dəfə saxlanılmışam, hamısında da atam həbsdən xilas edib”.

Beləliklə, o, 2 il əvvəl narkotikdən xilas olmaq üçün reabilitasiya mərkəzinə müraciət edib. 6 aylıq müalicəsi bitdikdən sonra əvvəl yaşadığı mühitdən uzaqlaşmaq üçün Türkiyəyə gedib. Lakin köhnə vərdişləri burada da onun “yaxasını” buraxmayıb.

Belə ki, Türkiyədə çalışdığı oteldə bir qadınla tanış olub. Əvvəl onlar müştəri-işçi kimi əlaqədə olsalar da, sonradan aralarında yaxınlıq baş verib. Özünün dediyinə görə, narkotik istifadəçisi olan qadın bir gün ona da təklif edib, o isə “yox” deyə bilməyib. Beləliklə, yenidən narkotik istifadəsinə başlayıb. Lakin bir müddət sonra yenidən sağalmaq üçün İstanbulu tərk edərək, Bakıya dönüb.

Bu dəfə “LIVE” Reabilitasiya Mərkəzinə müraciət edən Kənan, yenidən sağalmaqla yanaşı, artıq öz təcrübəsindən istifadə edərək, digər narkotik istifadəçilərinə də dəstək olmağa çalışır. Deyir ki, keçmişə qayıtmaq istəməsə də, narkotik istifadə etdiyi günləri heç vaxt yaddan çıxarmır: “Mən keçmişimi, o dönəmləri heç vaxt yaddan çıxarmaram. Keçmişi unutsam, yenidən istifadəyə qayıda bilərəm... Bu gün isə özümlə qüruru duyurum ki, o yoldan qayıtmışam. Artıq narkotikdən qorxmuram, sadəcə, daha istifadə etmək istəmirəm, yaşadığım, yaşatdıqlarım bəsdir”.

Kənan deyir ki, narkotik onun çox şehyini əlindən alıb, hətta bu səbəbdən sevdiyim qızı da itirib.

Buyurun, hər şeyi onun öz dilindən eşidin”.

Stopnarkotik.az