Cəlilabadda psixoloji problemi olan şəxs meşədə yanğın törətdi

Cəlilabadda meşədə yanğın olub, hadisəni törədən şəxs müəyyən edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

9 avqust 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu, Oğrubulaq kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 13 saylı meşə dolayında bir hektar ərazidə kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin psixoloji problemi olan Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Quliyev Vəli Həzərxan oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.