Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin dostları - sabiq deputat Dünyamin Xəlilovla Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hər iki təqsirləndirilən şəxs də həbsdədir.
Dünyamin Xəlilov həbsdə olduğu 8 il içində üçüncü dəfədir ki, mühakimə edilir. Əvvəlki ikisində olduğu kimi, bu dəfə də onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmədə məlum olub ki, indiki hakim 2019-cu ildə ona 14 il 6 ay həbs hökmü çıxaran üç hakimdən biridir. İndiki prokuror da 4 il əvvəlki məhkəmədə dövlət ittihamçısı statusunda çıxış edibmiş. Ancaq Dünyamin Xəlilov nə hakimə, nə də prokurora etirazını bildirib. Hətta yazılı ərizəsi ilə də etirazının olmadığını təsdiqləyib. İşinə ədalətlə və obyektiv baxılacağına ümidini də dilə gətirib. Dünyamin Xəlilov bu dəfə “Bakı Fındıq Emalı” MMC-nin keçmiş rəhbəri Azad Cavadovla birlikdə mühakimə olunur. O da həbsdə ola-ola, ikinci dəfə hakim önünə çıxarılıb. Hər ikisi Beynəlxalq Bankdan milyonlarla vəsaiti kredit adı ilə götürüb mənimsəməkdə suçlanır. Prokurorluğun iddiasına görə, Dünyamin Xəlilovla Azad Cavadov Beynəlxalq Bankın o vaxtkı rəhbərliyinin göstərişlərini yerinə yetirərək tabeliklərindəki işçiləri bankın müxtəlif filiallarına göndəriblər. Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilsə də, pullar həmin şəxslərin özünə verilməyib. Beləcə, kredit kimi götürülmüş, azı 6 milyon 642 min manat ələ keçirilib.
Dünyamin Xəlilovla Azad Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ildən həbsdə olan Cahangir Hacıyev ilə dost olublar. Onların heç biri ittiham üzrə özünü suçlu saymır və bildirirlər ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib. Onların hər ikisi daha öncəki məhkəmələrində də Beynəlxalq Bank işi üzrə bənzər ittihamlarla mühakimə edilirdi. İddia olunurdu ki, Cahangir Hacıyev dostları ilə əlbir olaraq onların tabeliyindəki işçilərin adına kreditlər ayırıb və həmin pullar mənimsənilib. Cahangir Hacıyev də 2015-ci ildən bu yana iki dəfə mühakimə olunub. Birinci dəfə onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında Azad Cavadov da olub. Həmin məhkəmənin sonunda Cahangir Hacıyevə 15 il, Azad Cavadova 10 il 6 ay həbs cəzası kəsilib. 2019-cu ildə ikinci dəfə Dünyamin Xəlilovla mühakimə olunan keçmiş bankirin cəza müddəti 16 il 3 aya yüksəldildi. Sabiq deputatın özü ilk dəfə 13 il həbs cəzası almışdı. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılmışdı./musavat.com