Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Alim Məhərrəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Bildirilib ki, hökmdən Baş Prokurorun müavini Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilib. O, Goranboy Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərarının dəyişdirilərək təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının tətbiq olunması xahiş edib. Protest onunla əsaslandırılıb ki, Alim Məhərrəmov barəsində cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması əsası ilə xitam verib. Halbuki, 19 dekabr 2025-ci il tarixli amnistiya aktının 5.1-ci bəndindən görünür ki, təqsirləndirilən şəxsin əməli amnistiyanın birbaşa tətbiq dairəsinə düşür və bu halda icraata xitamın məhz amnistiya əsasında verilməsi tələb olunurdu. Zərərçəkmiş şəxs ilə barışıq CM-in 73.2-ci maddəsinə əsaslanmaqla şəxs bu əsasla cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilər. Amnistiyanın daha üstün şərtləri odur ki, amnistiyanın tətbiqi zərərçəkmiş şəxsin iradəsindən asılı deyildir. Belə olan halda hazırki qərar nəticəsində Alim Məhərrəmov CM-in 73.2-ci maddəsində nəzərdə tutulan “bir dəfə cinayət məsuliyyətindən azad edilmə” hüququndan artıq istifadə etmiş sayılır. Bu isə gələcəkdə eyni və ya oxşar mahiyyətli cinayət əməli törədildiyi halda həmin şəxsin zərərçəkmişlə barışma yolu ilə yenidən məsuliyyətdən azad olunmaq imkanını qanuni qüvvəsini itirməsi deməkdir.
Məhkəmənin qərarı ilə apellyasiya protesti təmin edilib, Goranboy Rayon Məhkəməsinin qərarı ləğv olunub və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisi Qərarının 5.1 və 5.3-cü bəndlərinə əsasən cinayət təqibinə xitam verilib.
İş materiallarına görə, hadisə 03 aprel 2025-ci il tarixdə, saat 16 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində baş verib.
Belə ki, Alim Məhərrəmov ilə zərərçəkmiş F.F. (adı, soyadı şərtidir) arasında əvvəldən heyvan məsələsi ilə bağlı ədavət olub. Hadisə günü zərərçəkmiş şəxsə məxsus 3 baş iribuynuzlu heyvan təqsirləndirilən şəxsə məxsus torpaq sahəsinə daxil olub. Alim heyvanları daşla vuraraq ərazidən çıxarmağa çalışıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb və qarşılıqlı dava baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs əlində olan ağac parçası ilə zərərçəkmiş şəxsə zərbələr endirərək ona xəsarət yetirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər həyat üçün təhlükəli olmasa da, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib./pravda.az