Bakıda qəsdən adam öldürməyə hazırlıqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 16-da Suraxanı rayon sakini Elman Əsədovun yaşadığı evə odlu silahla hücum edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla Tahir Hüseynovun tanışı Elman Əsədovu qəsdən öldürmək və əmlakını ələ keçirmək üçün hazırlaşması, bu məqsədlə fevral ayında müxtəlif tarixlərdə odlu silahla sonuncunun yaşadığı, rayonun Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlməsi, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib. Tahir Hüseynova Cinayət Məcəlləsinin 28.1, 120.2.11, 28.1, 181.2.3, 28.1, 181.2.5, 28.1, 181.3.2-ci ( quldurlaqla əlaqədar qəsdən adam öldürməyə, yaşayış sahəsinə qanunsuz girməklə, silahdan istifadə etməklə və külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) və digər maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Öldürülməsi planlaşdırılan şəxs tanınmış adamdır. Belə ki, 1991-ci il təvəllüdlü T.Hüseynov fevralın 16-sı axşam saat 22:00 radələrində “Ballı” marketlər şəbəkəsinin sahibi Elman Əsədovun Suraxanı rayonunda yerləşən evinin həyətinə hasardan daxil olub və kiçik tikilidə gizlənib. Ev sahibinin qohumları bilyard oynamaq üçün silahlının gizləndiyi tikiliyə daxil olarkən orada gizlənmiş şəxsi görüblər.
Tahir Hüseynov havaya atəş açaraq qaçmaq istəyib. Amma ev sahibinin yaxınları silahlı şəxsi yaxalayaraq polisə təhvil veriblər.