Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri həbs edildi - ŞOK TƏFƏRRÜAT

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri, Ağcabədi rayon sakini, 27 yaşlı Əlixan Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əlixan Məhərrəmli Türkiyədə təhsil alan tanışı Simanın (zərərçəkmiş şəxsin və onun qohumlarının adları şərti göstərilib-red.) guya qeyri-qanuni hərəkətlər etməsi ilə bağlı şantaj edərək ondan 68 min manat tələb edib.

Tələbə qız tanışı Hakan adlı şəxsin cinayət törətməsinə və Polşada problemlərinin yaranmasına görə istənilən yolla Türkiyəyə qayıtmasına kömək göstərməsi üçün Əlixan Məhərrəmliyə müraciət edib. Əlixan isə guya bu məsələnin həlli üçün yalandan etibarlı vəkil təklif edib. Vəkilə 68 min manat pul ödənilməli olduğuna onu inandırıb.

Sima bu barədə anası Mətanətə məlumat verib. Ötən ilin aprelində vəkilə ödəniləcək adı ilə Əlixan Məhərrəmlinin kartına 2 min manat köçürülüb. Sonradan aldanıldıqlarını başa düşən ana-qız bu barədə polisə məlumat veriblər. Əlixan pulun yerdə qalan hissəini istədikdə ona dollara bənzəyən 100 ədəd pul veriblər. Əlixan Məhərrəmli “pullar”ı alıb onlardan ayrılarkən Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Əlixan Məhərrəmliyə Cinayət Məcəlləsinin 182.3.2-ci (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əlixan Məhərrəmli ona elan olunan ittihamla özünü təqsirli bilməyib.

O, ifadəsində 10 ildir Kayseri şəhərində yaşadığını, azərbaycanlı tələbələrin sənəd qəbulu, yataqxana və digər problemlərinin həlli ilə məşğul olduğunu deyib: "Simanı da, valideynlərini də 2018-ci ildən tanımışam. Universitetə qəbul olanda qeydiyyat məsələlərinə, ev kirayələməsinə köməklik göstərmişəm. Sonralar arabir telefonla əlaqə saxlayıb, hal-əhval tutmuşam. Türkiyədəki işlərimlə bağlı lazım olan hallarda daimi hüquqi yardım göstərməsi üçün Feyzi Başer adlı vəkillə müqavilə bağlamışdım”.

Əlixan Məhərrəmlinin ifadəsinə görə, ötən ilin aprelində Sima onunla əlaqə saxlayıb, tanışı Hakan adlı şəxsin Polşada qaçaq həyatı sürdüyünü, iş yerində müdiri ilə dalaşdığını, buna görə polis tərəfindən saxlanılacağını deyib, onun Türkiyəyə gəlməsinə köməklik edə bilib-bilməyəcəyini soruşub:

”Sima həmin şəxsə mənim telefon nömrəmi vermişdi. Hakan mənə zəng vurub qaçaq silah alverçisi olduğunu və bu səbəbdən təhlükəli vəziyyətə düşdüyünü dedi. Ona köməklik edə bilməyəcəyimi söylədim və bir daha narahat etməməsini xahiş elədim. Simaya da həmin şəxsdən uzaq durmağı, nömrəsini bloka atmağı məsləhət gördüm. Bu məsələ ilə bağlı hər hansı problemlə üzləşməməsi üçün vəkil tutmaq lazım olduğunu da bildirdim. Mən vəkillə danışdım, 40 min dollar istədi. Bu barədə Sima ilə də, anası ilə danışdım.

Öncədən vəkilə ödəmək üçün anası 2 min manat pul köçürdü. Aprelin 29-da isə Sima ilə Bakıda “Mado”da görüşərkən vəkilə ödənilməsi üçün 10 min dollar verdi. Pullar ağ kağıza bükülmüşdü, açıb baxmadım. Mən nə Simadan, nə də anasından pul tələb etmişəm. Onlara hədə-qorxu gəlməmişəm. Baş vermiş hadisəyə görə peşmanam. Aldığım 2 min manat pulun yarısını qaytarmışam. Yerdə qalanını ödəməyə maddi imkanım yoxdur”.

Zərərçəkmiş qismində ifadə verən Simanın sözlərinə görə, Əlixanla həm ailəsi, həm də özünün əvvəllər münasibətləri yaxşı olub, aralarında heç bir narazılıq olmayıb: ”İşlədiyim yerdə Hakan adlı şəxslə tanış olmuşdum.

Tanışlıqdan cəmi bir gün sonra Hakan Polşaya getdi. Zəng vurub dedi ki, müdirlə problemləri olub, onu bıçaqlayıb, anası xəstə olduğu üçün təcili Türkiyəyə qayıtmaq istəyir. Zəng vurub Əlixandan kömək istədim.

Əlixan Hakanla danışandan sonra onun qara əməllərlə məşğul olduğunu, nömrəsini bloka atmağımı məsləhət gördü. Mən də Hakanın nömrəsini blok etdim. Əlixan dedi ki, Hakan İnterpol tərəfindən axtarışdadır, başına bəla olar, yaxşı halda institutdan qovulub deport ediləcəksən, pis halda 8-12 il müddətə həbs ediləcəksən. Bu haqda heç kimə, polisə deməməyi tapşırdı. Daha sonra isə 50 min dollar müqabilində bu işə köməklik edə biləcəyini söylədi. Mən də məsələni anama danışdım”.

Məhkəmənin hökmü ilə Əlixan Məhərrəmli 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əlixan Məhərrəmli 2018-ci ildən Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin sədri və 2020-ci ildən Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədri olub./teleqraf.com