Son illərdə ölkəmizdə cinayətkarlıq hallarının artması, əsasən də təkrar cinayətkarlığın günbəgün çoxalması ciddi narahatçılıq doğurur. Ən üzücü məqam isə odur ki, məktəblilər arasında cinayətkarlıq və cinayətə meyllilik də artan xətt üzrə yüksəlməkdədir.
Oxucularımıza da məlum olduğu kimi, Stopnarkotik.az saytı hər ay ölkəmizdə narkotiklə əlaqəli həbslərin statistikasını aparmaqla yanaşı, təkrar cinayətkarlıq faktlarını da diqqətdən qaçırmır. Belə ki, ay ərzində hazırladığımız hesabat xarakterli yazılarımızda rəsmi mənbələrin açıqladığı cinayət faktları ilə bağlı ətraflı məlumat verməkdəyik.
Əlbəttə, rəsmi məlumatlar gerçək reallığı tam olaraq əks etdirmir. Hətta ekspertlər bu rəqəmlərin 5-7 dəfə az göstərildiyini iddia edirlər. Amma bizim, sayt olaraq, ölkədə baş verən bütün cinayət, yaxud təkrar cinayətkarlıq halları haqda ümumi məlumat əldə etmək imkanımız məhdud olduğundan, sadəcə rəsmi rəqəmlərə istinad etməyə məcburuq.
Beləliklə, oxucularımızın diqqətinə çatdıraq ki, 2025-ci ilin ilk ayında ölkəmizdə ümumilikdə 62 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunlardan 34 nəfər bilavasitə narkotiklə əlaqədar, 28 nəfər isə digər cinayət faktları ilə bağlı saxlanılıb.
Bu faktlarla aşağıdakı linkə daxil olaraq, tanış ola bilərsiniz:
Xatırladaq ki, 2024-ci ilin sonuncu ayında – dekabrda ölkəmizdə ümumilikdə 48 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunun 8-i narkotiklə, 40-ı isə digər cinayətlərlə bağlı olub.
Ötən ilin noyabrında isə 38 təkrar cinayətkarlıq faktı qeydə alınıb ki, bunun 8-i narkotiklə, 30-u isə digər cinayətlərlə əlaqəli faktlar olub.
Göründüyü kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətimizi təhdid edən çox ciddi problemlərin xəbərçisi hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.
Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktlar daha çoxdur, deməli, ölkədə təkrar cinayətkarlığın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyi şübhəsizdir.
Stopnarkotik.az