Sevgilisini və onun atasını qətlə yetirməkdə təqsirli bilinən Sahib Hacıyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiqabad qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
İş üzrə dindirilmiş Sahib Hacıyev ifadəsində bildirib ki, rəsmi nigahda olan arvadı Maral Hacıyeva və 3 övladı ilə birlikdə yaşayıb.
Təxminən 12 il əvvəl Samirə Əsədova ilə tanış olub və o vaxtdan onunla yaxın münasibəti yaranıb.
Sentyabrın 9-u günorta saatlarında telefon əlaqəsi saxladıqda, Samirə işlədiyi yerin müdürü olan Vaqif adlı şəxslə və İrandan gələn qonaqlarla birlikdə güya Qusar rayonunda olduğunu ora istirahət məqsədi ilə getdiklərini deyib. Əsədovanın cavabından Sahib bərk əsəbləşib. Gün ərzində dəfələrlə zəng edib mobil nömrəsinə "sms" yazsa da, Samirə zənglərə və ismarıclara cavab verməyib.
Axşam saatlarında Samirənin atası Allahverdinin idarə etdiyi avtomaşını görüb onu izləməyə başlayıb. Əsədov əvvəlcə Xocahəsən yolu ilə hərəkət edib. Orada bir qədər dayandıqdan sonra avtomobilini Şamaxı istiqamətində sürüb və yolun kənarında saxlayıb.
Təxminən 5 dəqiqədən sonra Samirəni atasının avtomobilinə yaxınlaşdığını gördükdə onun maşına oturmasının qarşısını almaq məqsədi ilə öz avtomobili ilə həmin maşını arxadan vurub. Maşından mətbəx bıçağını götürüb düşərək Samirəyə tərəf qaçıb. Çatdıqda qadını saçından tutub sol əlindəki bıçaqla ona üç zərbə endirib. Atası Sahibə yaxınlaşdıq da, sonuncuya da kəsici alətlə xəsarətlər yetirib. Zərbələrdən biri Əsədovun sinəsinin yan tərəfinə dəydiyindən o, səndəliyərək yerə yıxılıb.
Sahib Hacıyev ifadəsinin davamında bildirib ki, törətdiyi cinayətin ağırlıını dərk etsə də, ətrafda olan şahidlərin onun üstünə hücum etmələrindən ehtiyatlanıb maşınına əyləşərək hadisə yerindən uzaqlaşıb. Yolda "102" xidmətinə zəng vurub cinayət törətdiyini bildirib. Evinə çatıb hadisəni arvadına danışıb. Bir qədər sonra polis əməkdaşları gəlib onu idarəyə aparıblar.
O, əlavə edib ki, Samirənin onu aldatdığını düşündüyündən və həmin an əsəbi olduğundan qısqanclıqdan qadını öldürmək qərarına gəlib. Əvvəlcədən Allahverdi Əsədovu qətlə yetirmək niyyəti olmayıb.
Məhkəmə prosesində Sahib Hacıyev ittiham üzrə özünü təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum olunub. /olke.az