“Çölə çıxa bilmirdim, anam iynə alıb gətirirdi”
“Mənimlə narkotik istifadə edən insanların indi heç biri yoxdur”
Rəşidin 20 yaşı var. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində böyüyüb. 6 ilə yaxın narkotik istifadəçisi olub. Deyir ki, 13-14 yaşlarından etibarən, təxminən 1 il “nəşə” (marixuana) çəkib, 5 il damardaxili narkotik istifadə edib.
Rəşid hesab edir ki, onu yaşadığı mühit narkomana çevirib. Çünki uşaq yaşlarından ətrafında ancaq narkotik istifadəçiləri olub. Görünür, məhz bu səbəbdən də yeniyetmə yaşlarından narkotikə və kriminala meylli olub. Bildirir ki, hər zaman tanınmaq, diqqət mərkəzində olmaq istəyib.
Müsahibimiz əlavə edir ki, 9 yaşında atası narkotiklə əlaqədar həbsxanaya düşüb. Ona 9 il yarım iş kəsilib ki, hazırda cəzasının 7 ilini başa vurub.
Atası məhbəsə düşdükdən sonra anasının himayəsində böyüyən Rəşid getdikcə küçə həyatına ayaq açmağa başlayıb. “Mənimlə narkotik istifadə edən insanların indi heç biri yoxdur”, - deyən həmsöhbətimiz bildirir ki, ağır narkotik istifadə etdikdən sonra həyatında çətin günlər başlayıb. Bəzi hallarda küçəyə çıxa bilmədiyi üçün narkotik istifadə etmək məqsədilə anası ona iynə alıb gətirmək məcburiyyətində qalıb. “Anama deyirdim ki, gələndə iynə al, mən çölə çıxa bilmirəm”, - deyən Rəşidin sözlərinə görə, satıcılar əksər hallarda narkotiki gətirib evlərinə atırlarmış. O vurğulayır ki, ona verilən narkotikin qarşılığında “bariqa”larla müəyyən anlaşmalara gedirmiş...
Rəşid deyir ki, sağalmaq üçün anası tərəfindən dəfələrlə Maştağada yerləşən Respublika Narkoloji Mərkəzində detoksikasiya prosesi keçib. Lakin bütün bunlar onun narkotikdən uzaq durması üçün yetərli olmayıb. Daha sonra müxtəlif özəl reabilitasiya mərkəzlərində müalicə alsa da, bir necə dəfə “sırıv” edib.
Hazırda “Çıxış Yolu” Reabilitasiya Mərkəzində müalicəsini davam etdirən Rəşid inanır ki, tezliklə tamamilə sağalacaq və öz normal həyatına davam edəcək.
Buyurun, Rəşidin həyat hekayəsini onun öz dilindən eşidin.
Stopnarkotik.az