Yasamal Rayon Məhkəməsində araşdırılan 5 milyonluq kredit qalmaqalı Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov üçün ciddi problemlər yarada bilər.
Onun şəriki, hazırda həbsdə olan Azad Nağıyevin məktubunda qalmaqalın təfərrüatları açıqlanıb və Elman Rüstəmov işin əsas fiqurantı kimi təqdim edilib.
Məktubun mətnini musavat.com saytı yayıb. Məlum olur ki, Azad Nağıyev məktubu azadlıqda olarkən imzalayıb.
Elman Rüstəmovun şəriki yazır ki, 1999-cu ildən etibarən Bakı şəhərində "Super İnşaat” MTK-nı təsis edərək tikinti fəaliyyəti ilə məşğul olub. 2004-cü ildə həmin vaxt Mərkəzi Bankın sədri olan Elman Rüstəmov tərəfindən ona orttaqlıq təklif olunub: "Elman Rüstəmov bu məqsədlə müxtəlif vaxtlarda bizə 3 milyon 900 min ABŞ dolları kredit ayırmaq təklif etmişdi. Biz də öz növbəmizdə Elman Rüstəmovun təklifini qəbul edib, onunla birgə işləməyə başladıq. Birlikdə Bakı şəhəri, Hüseyn Cavid prospektində 3 yaşayış binası inşa etdik. Elman Rüstəmovla razılaşdığımız qaydada kreditlər tərəfimizdən hissə-hissə ödənilirdi. Bütün xərclər çıxıldıqdan sonra ikimizə 3 milyon 200 min ABŞ dolları gəlir qaldı. Həmin məbləğ aramızda bərabər bölündü. Bundan əlavə, Elman Rüstəmov bizdən 3 milyon 100 min ABŞ dolları məbləğini və digər şirkətimiz olan "Aqana Servis” MMC-nin adına inşa edilmiş yaşayış binasından 2 milyon manatlıq mənzil sahəsi aldı. Beləliklə, Elman Rüstəmov məndən cəmi 3 milyon 100 min ABŞ dolları və 2 milyon manatlıq mənzil sahəsi aldı".
Azad Yağıyev yazır ki, Elman Rüstəmov ondan aldığı pulları qaytarmaq məqsədilə 2013-cü ildə bizə Mərkəzi Bankın hesabından 5 milyon manat kredit ayırıb. Həmin kreditlərin 1 milyon 500 min manat hissəsini xalası oğlu Rəşadın başqa banka olan borcunu ödəyib: "Yerdə qalan məbləğin 3 milyon 500 min manat hissəsini bizə girov müqabilində versə də, həmin məbləği də onun göstərişi ilə hissə-hissə müxtəlif şəxslərə və dediyi yerlərə vermişik. Hazırda sözügedən kreditlə bağlı bizə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırılıb. Elman Rüstəmova dəfələrlə bizim adımıza yazdığı həmin kreditlərin bağlanmasını, mülkiyyət hüququ əsasında həyat yoldaşıma və Vahid Əliyevə məxsus qeyri-yaşayış sahələrinin girovdan azad edlməsini xahiş etsəm də, xahişlərim heç bir nəticə verməyib. Hesab edirəm ki, Elman Rüstəmov bizim etibarımızdan sui-istifadə etməklə, bizim adımıza yazdırdığı kreditləri öz məqsədləri, habelə xalası oğlunun kreditlərini bağlamaq üçün istifadə etməsinə baxmayaraq, həmin kreditlər bizdən, məndən tələb edilir. Bu da bizə və ailəmizə böyük maddi ziyana səbəb olub. Bir neçə dəfə Elman Rüstəmov ilə şəxsən görüşmək istəsəm də, o, hər dəfə müxtəlif bəhanələrlə mənimlə görüşdən imtina edir".