5 DƏFƏ HƏBSDƏ OLDU, “İÇƏRİDƏ” DƏ NARKOTİK İSTİFADƏSİNİ DAVAM ETDİRDİ – Ramin Qurbanovun film kimi həyat hekayəsi / Video

Qurbanov Ramin Həsən oğlu 1984-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində anadan olub. Ali təhsillidir, 1 övladı var.

Atası və anası Ədliyyə polkovniki və Ədliyyə mayoru olublar.

Ramin 1998-ci ildən, cəmi 14 yaşı olanda narkotik istifadə etməyə başlayıb. Əvvəl “yüngül” narkotiklər istifadə etsə də, 2007-ci ildən “ağır” narkotik istifadəçisinə çevrilib.

Onun sözlərinə görə, 14 yaşında atası siqaret çəkdiyini bildiyi üçün 3 gün qorxusundan evə gəlməyib. Elə həmin müddətdə də ilk dəfə dostu ilə birgə marixuana istifadə edib.

Müsahibimiz deyir ki, 5 dəfə həbsdə olub. Birinci dəfə 2004-cü ildə - 20 yaşında polis əməkdaşları ilə dava etdiyi üçün azadlıqdan məhrum edilib.

2011-ci ildə isə narkotiklə tutulub.

2012-ci ildə də həbsdən çıxdıqdan az sonra yenidən qandallanaraq məhbəsə atılıb. Bu dəfə də narkotik istifadəçisi kimi azadlıqdan məhrum edilib.

2015-ci ildə oğurluqla əlaqədar həbs cəzasına məhkum olunub.

2019-cu ildə oğurluq etdiyi və qanunsuz silah gəzdirdiyi üçün axtarışa verilib. 2 il axtarışda olub, sonra Bakıda saxlanılaraq, yenidən həbs olunub.

2024-cü ildə həbsdən azad olunan Ramin narkotik istifadəsini davam etdirib. Deyir ki, onun üçün həbsxanada narkotik tapmaq heç də çətin olmayıb. Belə ki, orada da bu işin ticarəti ilə məşğul olanlar olduğundan, istədiyi vaxt asanlıqla narkotik satın ala bilib.

R.Qurbanov bildirir ki, ötən il həbsdən çıxdıqdan sonra yenidən külli miqdarda narkotik saxlamaq ittihamı ilə polis əməkdaşları tərəfindən qandallanıb. Lakin bu dəfə günahı sübuta yetirilmədiyi üçün Gəncə şəhər prokurorunun göstərişi əsasında sərbəst buraxılıb.

Ramin onu da bildirir ki, sağalmaq üçün ailəsi tərəfindən Moskvadakı reabilitasiya mərkəzlərindən birinə göndərilsə də, mərkəzə getməyib, əksinə, rus dilini bilməsə də gedib orda da narkotik tapıb.

Həmsöhbətimiz qeyd edir ki, artıq 6-cı aydır “ayıq”dır və hazırda “Start-12” Reabilitasiya Mərkəzində müalicəsini davam etdirir.

Buyurun, Ramin Qurbanovun həyat hekayəsini tam şəkildə onun öz dilindən eşidin.

Stopnarkotik.az