18 yaşlı gəncə iş adamını öldürmək sifarişi verdi, sui-qəsd baş tutmadı - DAHA 2 NƏFƏR SAXLANILDI / YENİLƏNİB

Gürcüstanın Kvemo Kartli bölgəsində adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə əlaqədar daha iki nəfər saxlanılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, bu ilin oktyabr ayında kriminal avtoritet Elmuraz Məmmədov “oğru dünyası” adından Qardabaninin kəndlərindən birində yaşayan S.A. adlı fermerlə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq ondan 200 min ABŞ dolları tələb edib və ona üç gün möhlət verib, əks halda ailə üzvlərinin həyatlarına son qoyacağı ilə hədələyib.

Üçgünlük müddətin başa çatmasından sonra həmin kənddə avtomobili ilə hərəkət edən S.A.-nın oğluna naməlum şəxslər atəş açıblar, nəticədə xəsarət alan olmayıb.

Cinayətdə iştirak edən daha bir nəfər axtarışa verilib. Törədilmiş cinayət əməli 15 ilədək həbslə cəzalandırılır.

Qeyd edək ki, ötən gün Marneulidə də Elmuraz Məmmədovla əlaqəli iki nəfər saxlanılıb. Həmin şəxslər Məmmədova 50 min ABŞ dolları köçürməkdən imtina edən iş adamına məxsus avtomobil ehtiyat hissələri mağazasının fasadına atəş açıblar.

Bundan başqa, iki gün öncə Qabal kəndində Məmmədova 200 min ABŞ dolları ödəməkdən imtina edən şəxsi qətlə yetirmək sifarişi almış, lakin onu yerinə yetirə bilməmiş 18 yaşlı gənc saxlanılıb.

Xaricdə olan Elmuraz Məmmədov İnterpolun “qırmızı xətti” ilə axtarışdadır.

**07 noyabr 2025 17:33

Gürcüstanda sifarişli qətlin qarşısı alınıb.

Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.

Saxlanılan 2007-ci il təvəllüdlü şəxs kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi əsasında Laqodexi rayonunun Qabal kəndinin sakinini qətlə yetirməli imiş. Qətli sifariş edilən şəxs Məmmədovun təhdidlə tələb etdiyi 200 min ABŞ dollarını ödəməkdən imtina edibmiş.

Axtarış zamanı saxlanılan şəxsin üzərindən Makarov sistemli tapança müsadirə olunub. O, günahını etiraf edib.

Elmuraz Məmmədov barəsində bir sıra cinayət işləri üzrə istintaq aparılır. Son aylar ərzində ona müxtəlif işlər üzrə qiyabi ittihamlar irəli sürülüb. Məmmədovun İnterpolun "qırmızı xətti" ilə axtarışda olduğu və xaricdə gizləndiyi bildirilib. Saxlanılması üçün Gürcüstanın hüquq-mühafizə orqanları intensiv iş aparırlar.