1,5 milyonluq dələduzluqda ittiham olunanlara HÖKM OXUNDU

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Hökmə əsasən, Oktay Zərbəliyev 7 il, Orxan Əliyev 5 il, Natiq Şahmuradov isə 6 il  müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq əməlləri törədiblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində zərərçəkən şəxslərin ümumilikdə 1 490 200 (bir milyon dörd yüz doxsan min iki yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət içi açilaraq ittiham irəli sürülüb.