14 yaşından narkotik istifadə edən Qəhrəmanın üzücü həyat hekayəsi – ATASI HƏBSƏ DÜŞDÜ, ANASI ÖLDÜ, ƏKİZ QARDAŞINI GÜLLƏLƏDİLƏR... / VİDEO

Müsahibimiz Qəhrəmanın 25 yaşı var. 1998-ci ildə Gəncədə doğulub. 6 yaşında anası dünyasını dəyişib. Həmin vaxt atası həbsdə olub. Bu səbəbdən, o, nənəsinin (anasının anası), əkiz qardaşı isə dayısının himayəsində yaşayıb.

Bir müddət sonra, cəmi 12-13 yaşlarında qohumlarına “yük” olmamaq və öz həyatlarını qurmaq istəyən qardaşlar Rusiyaya gediblər. Lakin bir il sonra, təxminən 14 yaşında Qəhrəman qardaşını Moskvada qoyaraq, Bakıya qayıdıb.

Qısa müddətdə özü kimi valideyn himayəsindən məhrum uşaqların “kruq”una düşən Qəhrəman Bakıda oğurluqla məşğul olmağa başlayıb. Onlar evlərdən, maşınlardan qiymətli əşyalar oğurlayaraq, pula çeviriblər. Hətta zaman-zaman xırda talama, qarət və soyğunçuluqla da məşğul olublar. Özünün dediyinə görə, yeri gəldikdə, kimlərinsə qarşısını kəsib, hədə-qorxu ilə pul aldığı vaxtlar da az olmayıb.

Qəhrəman deyir ki, əldə etdikləri pullar hesabına kirayə evlər tutub, bəzi hallarda isə otellərdə qalıblar. Lakin pulsuz olduqda parklarda, skamyaların üstündə yatdığı günlər də olub.

Bu cür həyat tərzi tezliklə onun narkotiklə tanışlığına səbəb olub. Bir müddət sonra artıq narkotik aludəçisinə çevrilib. Hətta narkotikin təsiri altında dəfələrlə cinayət hadisəsi törədib, məsələn, eyni vaxtda 3 nəfəri bıçaqlayıb. Sonuncu hadisə ilə əlaqədar məhkəmə qərarı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilsə də, cəmi 1 il 4 ay sonra həbsdən xilas olmağın yolunu tapa bilib...

Bütün bunlardan əlavə, o, avtoxuliqanlığa görə də dəfələrlə həbsdə olub.

Qəhrəman vurğulayır ki, Bakıya qayıtdıqdan sonra Moskvada ticarətlə məşğul olan qardaşı tez-tez ona pul göndərib. Bir müddət sonra qardaşı ilə əlaqəsi kəsilib və bu zaman narkotik asılısı olan Qəhrəman düşünüb ki, əkiz qardaşının “gözünü pul örtdüyündən” onu unudub. Lakin sonra ona məlum olub ki, əslində qardaşı 3 il əvvəl Rusiyada güllələnərək qətlə yetirilib...

Sabah, 23 dekabr, saat 19:00-da Qəhrəmanın həyat hekayəsini onun öz dilindən eşidin:

Stopnarkotik.az