Rəşad Rza: “Yabanı halda bitən çətənənin tərkibində psixotrop maddə yoxdur; narkotik istifadə edən adamlar heç onu götürüb istifadə etməz”
“Çətənənin yabanı növündən belə, sənayedə istifadə etmək olar”
Azərbaycanda iyul ayı ərzində yabanı halda bitən 100 tondan çox çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına əsasən, bunlar Qusar, Şəki, Sabirabad, Zərdab, Şirvan, Tovuz, Göygöl, Şəmkir, Laçın, Xocalı, Xocavənd və Naxçıvan Muxtar Respublikasında aşkarlanıb. Belə ki, təkcə Naxçıvanda 43 tona yaxın çətənə bitkisi yandırılıb. Maraqlıdır ki, yabanı halda bitən çətənə bitkisi insana bihuşedici təsir göstərirmi? Əgər göstərmirsə, onun aşkarlanmasına və məhv olunmasına əlavə vaxt ayırmağa ehtiyac varmı? Bu və digər suallara tanınmış ekspert Rəşad Rza ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
- Bu ilin iyul ayının statistikasına görə, Azərbaycanda yabanı halda bitən 100 ton çətənə bitkisi aşkar edilərək yandırılıb. Şübhəsiz ki, bu proses həm zaman, həm də maliyyə tələb edir. Çünki bu yabanı çətənəni dağlardan, meşələrdən yığıb gətirib yandırırlar. Sizcə, bu işə zaman və əmək sərf etməyə dəyərmi? Ümumiyyətlə, yabanı çətənənin bihuşedici xüsusiyyəti varmı?
- Ümimiyyətlə, çətənə özü üç növə bölünür: sativa, indeyka və udelles. Sizin dediyiniz yabanı növün adı udellesdir. Onu ilk dəfə rus alimi kəşf edib və adlandırıb. Udellesin tərkibində çox cüzi mqidarda THC kannabinoid deyilən psixotrop maddə var. Narkotik istifadə edən adamlar onu heç götürüb istifadə etməz. O bitkinin tərkibində uyuşdurucu maddə yoxdur ki, götürüb faydalansınlar. Dediyiniz kimi, burada əlavə əmək sərf olunur, işçi qüvvəsi sərf olunur. Sadəcə, belə deyək, bu, göz qorxutmaq məqsədi daşıyır ki, kimsə götürüb bunu əkər.
- Yəni bu növün məhv prosesi görüntü yaratmaq məqsədi daşıyır.
- Bəli, bu proses qorxu yaratmaq məqsədi daşıyır. Onsuz da bu növün tərkibində psixotrop maddə yoxdur, olsa da çox zəifdir. Heç nəyə yaramır.
Əvvəllər Azərbaycan çətənənin əkilən yeri olub. Əslində, bu bitki yabanı çıxan deyil, sadəcə əvvəllər çətənənin əkin sahələri olub, oradan toxum düşüb, meşələrdə, dağlarda bitib, daha qulluq olunmayıb deyə yabanılaşıb.
- Bir halda ki, yabanı halda bitən çətənəni aşkarlamağa bu qədər əziyyət çəkilir, yaxşı olmazdımı, ondan heç olmasa faydalı məqsədlər üçün istifadə olunsun? Məsələn, sənayedə, tekstildə...
-Bəli, olar. Hətta çətənənin həmin o yabanı növündən belə sənayedə istifadə etmək olar. Məsələn, onun yağından kosmetika sənayesində istifadə etmək olar. Bizdə yerli kosmetika şirkətləri var, “Qazelli” və s. Bu şirkətlər kosmetika istehsalında çətənə yağından istifadə edərlər və çox yüksə nəticə alarlar. Hazırda Almaniya sənayedə istifadə etmək üçün öz əkdiyindən çatdıra bilmir. Rumıniyada, Bolqarıstanda da torpaq kirayələyir, çətənə əkib-becərir. Hansı məqsədlə - kosmetika, dərman, qida istehsalı üçün. Alman ağlı bilmir ki, nə edir?!
- Demək, yabanı çətənədən un, yağ istehsal etmək olar, hansı ki, xərçəngin bir nömrəli dərmanıdır. Bəs tekstildə necə? Bu bitkinin gövdəsindən nələr hazırlamaq olar?
- Çətənənin gövdəsindən inşaat materialı olan alçipan istehsal etmək olar. Bu da tam təbii olacaq. Daha möhkəm, daha ekoloji, nəfəs ala bilən, rütubət yaratmayan, daha ucuz. Bir şey ki, öz-özünə yetişir. Çətənənin içindəki lifdən isə tekstildə istifadə etmək olar. Antibakterial geyimlər hazırlamaq olar. Dünyada çox vaxt uşaq paltarlarını ondan hazırlayırlar, çünki antibakterialdır. O heç bir mikrobu götürmür. Məsələn, çətənədən özünüzə bir geyim hazırlatsanız, mümkün deyil ki, sizə bir mikrob yaxınlaşsın. Nəinki mikrob, deyək ki, ağcaqanad, həşərat. Həm də bu paltarlar çox möhkəm olur. Belə geyim əldə etsəniz, ömür boyu geyinərsiniz.
- Əgər yabanı çətənənin uyuşduruculuq xüsusiyyəti yoxdursa, onun sənayedə istifadə olunmasına hansı maneə var?
- Heç bir maneə yoxdur. Keçən dəfə “Bizm TV”də bu barədə danşmışdıq, sonra yayına alimləri, professorları da qoşduq. Belə qənaətə gəldik ki, bunu media vasitəsilə yayaq, gündəmə gətirək, ictimai məsələyə çevirək, müzairəyə çıxarılsın, analiz olunsun, dövlət də baxacaq ki, məsələ müzakirədədir, həllini tapmalıdır, yumşalmaya gedəcək. Heç olmasa bu bitkinin yabanı növündən faydalı məqsədlərlə istifadə etmək üçün addım atılsın. Sovet dövründən buna yanaşma necə idi, elə də gedir. İndi bütün dünya dəyişib, bu bitkini qanuni əkirlər, istifadə edirlər. Əgər bu bitki pisdirsə, niyə əkininə, satışına, yayılmasına, yeyilməsinə icazə verilir? Çünki insanlar xəstədir, xərçəng xəstəliyi artıb, bu bitki xərçəng xəstəliyinin sağalmasına təsir göstərir. Bunu yeməyən insanın xərçəng xəstəliyindən sağalması mümkün deyil. Ona görə, çətənənin yağının satışı hər yerdə var.
- Bəs, Azərbaycanda çətənə bitkisi yetişdirilməsi ilə bağlı hökumətə təqdim etdiyiniz layihənizin aqibəti necə oldu?
- Təkrar olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə görüşdük, dedilər gözləyin, hələ bu məsələ ilə bağlı müsbət rəy yoxdur.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA