Ukrayna hərbçilərinə narkotik maddə qəbul etdirilir? – Rus narkoloq: “Bu maddələrin qəbulu onlara enerji artımı verir…”

Müharibələr zamanı əsgərlərin narkotik istifadə etməsi barədə, yayğın da olmasa, müəyyən informasiyalar mövcuddur. Hazırda Ukrayna Silahlı Qüvvələri əsgərlərinin tez-tez narkotik və psixotrop dərmanlardan sui-istifadə etməsi barədə rus KİV-lərində də məlumatlar var.

Hərbçilərin narkotik maddə qəbul etmə ehtiyacı haqda açıqlama verən rusiyalı narkoloq-psixiatr Vasili Şurov ifadə edib ki, bu maddələrin qəbulu onlara enerji artımı verir və özünü qoruma instinktini tamamilə məhrum edir.

Narkoloq xatırladıb ki, qorxmamaq üçün narkotik qəbul etməyi çıxış yolu görənlər yalnız ukraynalılar deyil: “Bu, İkinci Dünya Müharibəsi zamanı alman və yapon əsgərləri tərəfindən də edilib. Ukrayna komandanlığı da bu məsələdə onlardan nümunə götürüb”.

Əlbəttə, narkotiklər və psixotrop maddələr sözün əsl mənasında insanı robota çevirir: onun artıq yeməyə və suya ehtiyacı olmur, refleksləri kəskinləşir, əsgərlər bu vəziyyətdə istirahətə də ehtiyac hiss etmirlər.

Vasili Şurov deyir ki, bəzi ukraynalı döyüşçülər narkotik qəbulundan belə xəbərsiz ola bilərlər. Yəni komandanlıq narkotiki sakitləşdirici dərman adı altında verə bilər, çünki baş verənlər, müharibə orqanizm üçün ifrat stressdir.

“Ukraynada heç kim bu barədə düşünmür, insanları tutub cəbhə xəttinə atırlar. Orada insanlar daim stress altında olur, kimə sakitləşdirici dərman verilir, kiməsə psixostimulyatorlar verilir. Sonra çoxlu sayda narkoman və davranış sərhədlərini itirmiş cinayətkarlar meydana çıxır", - deyə Şurov sözünü yekunlaşdırıb.

Stopnarkotik.az

P.S. Əlbəttə, müharibədə iştirak edən döyüşçülərə müəyyən zaman çərçivəsində narkotik tərkibli dərmanlar verilməsi faktı əvvəllər də mövcud olsa da, əslində, Vasili Şurovun məlum açıqlaması rus “propoqanda”sının tərkib hissəsidir. Şübhə yoxdur ki, bu cür metodlardan ruslar ukraynalılardan daha çox istifadə edir. Hətta indiyədək “Vaqner” silahlılarının narkotikdən mütəmadi istifadə etməsi ilə bağlı onlarla fakt açıqlanıb. Belə bir vəziyyətdə hansısa rus narkoloqun ukraynalı əsgərləri psixotrop maddə qəbul etməkdə ittiham etməsi (əslində belə bir faktın olduğu istisnadır) gülüncdür və Rusiya ordusunun günbəgün zəifələdiyini ört-basdır etməyə hesablanmış növbəti uydurma məlumatdır.