Türkiyədən Rusiyaya gedən TIR Balakəndə yandı

Türkiyə-Rusiya marşutu ilə işləyən yük maşınında yanğın olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

Türkiyə-Rusiya marşutu ilə hərəkət edən, Türkiyə dövlətinin “SarpTur” firmasına məxsus, Türkiyə vətəndaşı Əhməd Atabəy İsmayıl oğlunun idarə etdiyi iritonnajlı TIR maşınının qoşqu hissəsinin kuzova birləşən yerində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Maşının elektrik naqillərində baş verən yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb. Daha sonra maşın marşut üzrə hərəkətini davam etdirib.