Türkiyədə 10 ton narkotiklə bağlı 13 narkobaron həbs olundu

İstanbul başda olmaqla 10 əyalətdə aparılan narkotik əməliyyatında on üç şübhəli saxlanılıb. Stopnarkotik.az xəbər verir ki, araşdırmalar nəticəsində şübhəlilərin beynəlxalq səviyyədə və Türkiyədə müsadirə edilmiş 10 ton 250 kiloqram narkotik maddəyə görə məsuliyyət daşıyan narkobaronlar olduğu məlum olub.

Əməliyyat nəticəsində 135 əmlak, 47 nəqliyyat vasitəsi və 42 şirkət səhmi müsadirə edilib. İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsi tərəfindən İstanbul Baş Prokurorluğu və Maliyyə Cinayətləri İstintaq Şurası (MASAK) ilə koordinasiyalı əməkdaşlıq çərçivəsində aparılan araşdırma, Avropol üzv ölkələri ilə məhkəmə proseslərində məlumat və sənədlərin paylaşılmasını əhatə edir. Nəticədə, "cinayət törətmək üçün təşkilat yaratmaq", "narkotik qaçaqmalçılığı" və "cinayətdən əldə edilən pulların, əmlakların leqallaşdırılması" ilə məşğul olan kriminal təşkilata bağlı şübhəlilər müəyyən edilib. Araşdırmalar nəticəsində şübhəlilərin beynəlxalq səviyyədə və Türkiyədə müsadirə edilmiş 10 ton 250 kiloqram narkotik maddəyə görə məsuliyyət daşıdığı müəyyən edilib. Araşdırmalardan sonra əməliyyat qrupları İstanbul, Hakkari, Ankara, Bursa, İzmir, Hatay, Mersin, Van, Diyarbəkir və Mardində müəyyən edilmiş ünvanlarda eyni vaxtda əməliyyatlar keçirərək 13 şübhəlini saxlayıb. Şübhəlilər polis bölməsinə aparılıb.

İstanbul Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, “Terrorçuluğun Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin Qarşısının Alınması Bürosu” tərəfindən aparılan araşdırmalar çərçivəsində şifrələnmiş rabitə proqramlarından istifadə edərək ölkələr arasında narkotik maddələr idxal və ixrac edən cinayətkar təşkilatlar müəyyən edilib. Açıqlamada qeyd olunur ki, adı çəkilən cinayətkar təşkilatlar tərəfindən istifadə edilən bu şifrələnmiş rabitə tətbiqi başdan-ayağa şifrələnmiş mesajlaşma təmin edir, tətbiqin xüsusi hazırlanmış mobil telefonlar vasitəsilə işlədiyi və bu cihazlarda mikrofon, kamera və GPS kimi avadanlıqların deaktiv olduğu təsbit olunub. Açıqlamada cinayətkar təşkilatların fəaliyyət əməlləri bu şifrələnmiş rabitə proqramı vasitəsilə aparılan yazışmaların araşdırılması ilə aşkar edilib və bu təşkilatlar müxtəlif ölkələrdən əldə edilən narkotik maddələrin Türkiyəyə və digər ölkələrə daşınmasını asanlaşdıraraq yüksək miqdarda qanunsuz gəlir əldə edib və bu gəlirləri müxtəlif üsullarla “yumağa” cəhd ediblər. Bəyanatda vurğulanır ki, bu cinayətkar təşkilatlar müxtəlif tarixlərdə ölkə daxilində və beynəlxalq səviyyədə 30 narkotik daşınması həyata keçiriblər. Təşkilatların xaricdəki 22 üzvünə qırmızı bildirişlər verilib.

Bəyanatda sözügedən narkotik cinayətində iştirak edən 64 şübhəlinin müəyyən edildiyi, onlardan 14-ünün digər cinayətlərə görə həbsdə olduğu, 22-sinin xaricdə və qaçaq olduğu, 2-sinin vəfat etdiyi, 26-sının isə ölkə daxilində olduğu bildirilir. Cinayətkar təşkilatların üzvü olan 26 şübhəlinin tutulması üçün eyni vaxtda əməliyyat keçirildiyi bildirilən bəyanatda belə deyilir:

"Xaricdə olduqları müəyyən edilən təşkilatların 22 üzvünə beynəlxalq həbslərini təmin etmək üçün beynəlxalq qırmızı bülletenlər verilib. Bu cinayətkar təşkilatların üzvlərinin cinayət yolu ilə əldə etdikləri və sonradan çirkli pulların yuyulması fəaliyyəti aparmaq istədikləri  əmlaklarla pullar müəyyən edilib və bu çərçivədə 60 şəxsə məxsus bütün bank hesabları və kriptovalyuta aktivləri, ümumilikdə 135 daşınmaz əmlak, 47 motorlu nəqliyyat vasitəsi, kommersiya nəqliyyat vasitələrinin nömrə nişanları və 42 şirkətdəki ortaqlıq payları müsadirə edilib və hərtərəfli araşdırma çoxşaxəli şəkildə davam edir".

Stopnarkotik.az