Tovuz rayonunda valideynləri tərəfindən atıldığı söylənilən azyaşlılar dilənçiliyə məcbur edilirmiş.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, uşaqlar Tovuz şəhəri, Məhəmməd Zeynallı küçəsində yerləşən yataqxanada yaşayırlar.
Qonşular ailə başçılarının bir-biri ilə dalaşması barədə rayon icra hakimiyyətinə məlumat veriblər. İcra hakimiyyəti əməkdaşları mənzilə baxış keçirərkən məlum olub ki, ailə başçısı Səbuhi Ələsgərov içki aludəçisidir, heç bir yerdə işləmir.
Uşaqların anası Təranə Ələsgərova isə həm psixi xəstə, həm də fiziki məhdudiyyətlidir. Qadın və kişi evdə tez-tez mübahisələr edir, uşaqlara işgəncə verirmişlər.
Rayon icra hakimiyyətinin əməkdaşları ana və üç övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər, hazırda uşaqlar və ana müayinə edilirlər.
*** 17:55
Tovuz rayonunda valideynləri tərəfindən atıldığı söylənilən uşaqların baxımsız qaldığı müəyyən edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, ailə uşaqlardan imtina etməyib:
"Ailə uşaqlardan imtina etməyib. Tovuz Rayon İcra Hakimiyyəti uşaqların vəziyyəti ilə bağlı informasiya əldə edib. Qonşu icra hakimiyyətinə məlumat verib ki, qonşuluqda bir ailədə uşaqlar baxımsız vəziyyətdə qalıb. İcra hakimiyyəti, eyni zamanda aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ailəyə baxış keçirib və müəyyən ediblər ki, həqiqətən də uşaqlar evdə baxımsız vəziyyətdədir. Çünki ata uşaqlara baxmır, alkoqol aludəçisidir, ana da uşaqlara baxmaq iqtidarında deyil. Buna görə də icra hakimiyyəti aidiyyəti qurumlarla və polis əməkdaşları ilə birlikdə uşaqları xəstəxanaya yerləşdirib. Hazırda onların müayinələri davam etdirilir".
Komitədən qeyd olunub ki, uşaqların vəziyyəti ilə bağlı zəruri tədbirlər görüləcək.
*** 15:53
Tovuz rayonunda valideynləri tərəfindən imtina edilən uşaqların mövcud vəziyyəti qiymətləndirilib.
Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
"Uşaqların mövcud vəziyyəti qiymətləndirilib.
Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər.
Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək".
*** 15:12
Tovuz rayonunda valideynlər üç övladından imtina ediblər.
Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. Həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018).
Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.