Ukraynaya qarşı işğala hər cür siyasi və hərbi dəstək verən İran rejimi əzilənin deyil, zalımın yanında olanda bir gün özünün də başqa bir zalımın hədəfi olacağını, təcavüzə məruz qalacağını, ali rəhbərinin, strateji postları tutan şəxslərinin və generallarının öldürüləcəyini yəqin ki, düşünməmişdi...
Ancaq paradoks ondadır ki, İran təkcə Rusiyaya - işğalçıya dəstək verməsilə deyil, bu gün hücuma, təcavüzə məruz qalması ilə də Ukraynaya ziyan vurur. Çünki həm bütün dünyanın siyasi fokusu, həm də ABŞ-nin hərbi gücü, silah-sursat potensialı, hətta diplomatiyası da Ukraynadan yayınaraq, İrana yönəlir və Ukrayna mövzusu kölgədə qalır...
Buna baxmyaraq, bütün bədbin proqnozlara rəğmən, Ukraynadakı müharibənin tezliklə bitə biləcəyini göstərən xeyli əlamətlər var. Əlbəttə ki, bu baş versə də belə, davamlı sülh olmayacaq, mümkün anlaşma isə daha çox atəşkəs forması daşıyacaq...
Məsələ ondadır ki, hər hansı bir uzunmüddətli münaqişə bir anda məntiqin ritorikadan daha əvvəl dəyişdiyi bir nöqtəyə gəlir. Görünür, Ukrayna münaqişəsi də məhz bu nöqtəyə çatıb. Artıq məntiq mənasız və perspektivsiz savaş ritorikasına qalib gəlir. Ritorika heç kimi maraqlandırmır. Üzdə qarşılıqlı ittihamlar, qətiyyət, sona qədər savaşmaq bəyanatları, eləcə də “danışıqlar haqqında danışıqlar” var. Lakin real mənzərə fərqlidir. Müharibə getdikcə qələbəyə aparan yol kimi deyil, vəziyyətdən çıxış tələb edən bir problem kimi qəbul edilir. Yəni, indi əsas məsələ müharibəni “şanlı qələbə ilə bitirmək” yox, ondan bütün tərəflər üçün ləyaqətli sayılacaq çıxış yolu tapmaqdır.
Heç bir tərəf müharibəni hazırkı formasında qeyri-müəyyən müddətə davam etdirə bilməz. Ukrayna təslim olmağa bənzəyən bir formulu qəbul edə bilməz - bu, təkcə siyasət deyil, həm də sosial davamlılıq məsələsidir. Rusiya daxili sabitliyini riskə atmadan uzunmüddətli hərbi kampaniyanı davam etdirə bilmir və bilməz. Vaşinqton isə heç bir strateji həll və çıxış görünməyən, əvəzində diqqəti yayındıran münaqişədən bezib. Buna baxmayaraq, müharibə davam edir, çünki bu yaxınlara qədər çıxış yolu üçün siyasi məkan, genişlik yox idi. İndi isə bu məkan açılmağa başlayır.

Belə ki, Vaşinqtonun mövqeyindəki dəyişiklik göz qabağındadır. ABŞ administrasiyası getdikcə münaqişələrin idarə olunması strategiyasından sürətləndirilmiş həll strategiyasına keçir. Ukraynadakı müharibə artıq ABŞ üçün əsas prioritet kimi qəbul edilmir və "realist həll" tələbi artır.
Moskvada da oxşar dinamika nəzərə çarpır. Müharibənin ən qatı təbliğatçıları və Kreml tərəfdarları belə savaşın heç bir hərbi perspektivinin olmadığını açıq bəyan edirlər. Bunların Kremlin razılığı olmadan edilməsi o qədər də inandırıcı görünmür. Əksinə, cəmiyyətin müharibənin bitməsinə hazırlanması taktikasının aparıldığı görünür. Rusiya təbliğatında hərbi “uğurları” genişləndirmək əvəzinə, “olanları saxlamaq və möhkəmləndirmək” tendensiyası üstünlük təşkil etməyə başlayır. Həmçinin, artıq əldə olunmuş “hərbi qazancları” siyasi kapitala çevirməyin vacibliyi təbliğatı aparılır. Bu kontekstdə isə münaqişənin dondurulması geri çəkilmə kimi qəbul edilmir və növbəti mərhələyə keçid kimi beyinlərə yeridilməyə başlayır. Bu, öz imkanlarının hüdudlarının bitməsi reallığı ilə qarşılaşan və bununla razılaşmaqdan başqa çıxış yolu qalmayan Putin hakimiyyət sisteminin “praqmatizmi”dir. Bu “praqmatizm” özünü daha əvvəl Suriyada, Cənubi Qafqazda(Qarabağ savaşı dövründə) göstərib...
Bəs Ukrayna ilə bağlı mümkün anlaşmanın çərçivəsi nədən ibarət olacaq?
Bunun konturları artıq aydın görünür: atəşkəs, mövcud təmas xəttinin fiksə edilməsi, işğaldakı ərazilərin statusu məsələsinin qeyri-müəyyən müddətə təxirə salınması və Ukrayna üçün məhdud təhlükəsizlik zəmanətləri paketi. Demilitarizasiya olunmuş zonalar və monitorinq rejimləri də mümkündür. Bu, nə klassik sülh müqaviləsi, nə də kapitulyasiya deyil. Bu, belə demək mümkünsə, idarə olunan dondurulmadır.
Lakin əsas məsələ hansıa razılığa gəlmək deyil, razılaşmaya hörmət və riayət edilməsini təmin etməkdir. Xüsusilə Donald Tramp və Vladimir Putinin şəxsi keyfiyyətləri, Rusiyanınsa tarix boyu dəfələrlə imzaladığı sənədlərin onların üzərinə yazıldığı kağızdan da dəyərsiz olması narahat olası əsas məqamdır.

Digər yandan, məcburi geri çəkilməyə bənzəyən hər hansı bir razılaşma Ukrayna daxilində məğlubiyyət kimi qəbul ediləcək. Odur ki, münaqişənin dondurulması nə qədər sərt və tez əldə edilərsə, onun müvəqqəti olma ehtimalı da bir o qədər yüksək ola bilər. Buna görə də, döyüşlər dayandırılsa belə, bunu sülhlə səhv salmaq olmaz.
Bu ssenari baş verərsə, Rusiya təxminən bir ilə işğal edilmiş ərazilərdə nəzarəti möhkəmləndirə və resurslarını bərpa edə bilər.
Ukrayna da “dinc durmayacaq”, yenidən silahlanacaq və daha güclü zəmanətlər axtarışını davam etdirəcək. Müharibə dayandırılarsa, hərbi-sənaye kompleksinin yeni texnologiyalara əsaslanan inkişafı, ordu islahatları və iqtisadi sabitlik Ukrayna cəmiyyətinin qarşısında duran ən vacib vəzifələr olacaq. Ukraynalılar isə ruslardan daha istedadlı və uğurlu olduqlarını bu müharibədə sübuta yetirə biliblər...
ABŞ-yə gəlincə, o bu münaqişədə iştirakının dərəcəsini yenidən qiymətləndirə bilər. Avropanın isə yenə də qərar və strategiya qəbulunda ləngiyəcəyi, hətta gecikəcəyi şübhə doğurmur.
Bu ssenari aktiv müharibə deyil, amma sülh də deyil. Bu, sadəcə müharibənin yeni qaynar mərhələsinin təxirə salındığı atəşkəsdir. Çünki müharibənin başlanma səbəbləri ortadan qalxmayıb. Rusiya üçün bu səbəb imperiya ambisiyaları və buna qarşı çıxan Ukraynadakı Qərbpərəst hakimiyyət və cəmiyyət, Ukrayna üçünsə içğalçı, imperiyaçı Putin hakimiyyətidir. Bu o deməkdir ki, müharibə yaxın vaxtlarda dayansa belə, bitməyəcək...
Artıq bütün dünya bəlkə də qısa, lakin tez-tez baş verən müharibələr dövrünə qədəm qoyur. Bu tarixi dövrdə ən vacib şey öz gücünə güvənən dövlətlərin və qurumların sabitliyi olacaq. Bu baxımdan Azərbaycanın da düzgün sırada və yerdə saf alması olduqca vacibdir ki, bunu da hələlik etməyi bacarırıq.../azpolitika.info