Son zamanlar Kremlin əsas terzislərindən biri Ermənistanın Avropa İttifaqına meyllənməsilə eyni vaxtda Avrasiya İqtisadi İttifaqında qalmasının bir araya sığmayacağı ilə bağlıdır. Ermənistandan iki təşkilat arasında dərhal seçim etmək və bunun üçün referendum keçirmək tələb olunur. Paşinyan hökuməti isə tələsmir, hansısa təcili qərara ehtiyac olmadığını və istənilən seçimin Ermənistanın daxili işi olduğunu bəyan edir.
Müşahidəçilər isə hesab edirlər ki, Ermənistanın Rusiyanın dominantlıq etdiyi Avrasiya İqtisadi İttifaqında üzvlüyünün gələcəyinin sual altına alınması məhz Ermənistandakı seçki mövzusu ilə bağlıdır.
Seçki yaxınlaşdıqca, Rusiyanın Paşinyan hakimiyyətinə və erməni seçiciyə təzyiqləri artır. Bu prosesdə birbaşa Rusiya Prezidenti özü də iştirak edir.
Vladimir Putin ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa, MDB ölkələrindən olan miqrantlar üçün eyni tələblər Rusiyadakı ermənilərə, daha doğrusu, Rusiya vətəndaşı olmayan ermənilərə də şamil ediləcək: "Bu o deməkdir ki, onlar Rusiyada işləmək üçün patent almalı olacaqlar. Bu o deməkdir ki, icbari tibbi sığortaya çıxış əldə etmək üçün Rusiyada ən azı beş il yaşamalıdırlar. Və sair və sair.
Çoxlu tələblər var. Bu, tamamilə fərqli bir hekayədir. Sadəcə olaraq, hər kəs bu barədə dəqiq, aydın və dürüst danışmalıdır.
Ermənistan avtomobil daşıyıcıları üçün icazə sisteminin bərpasına keçməli olacağıq. Bu, qaçılmazdır. Bu, ayrı, çox mürəkkəb bir əməkdaşlıq sahəsidir.
Və əlbəttə ki, (Ermənistan üçün)dəmir yolu tariflərini daxili Rusiya tariflərindən MDB ölkələrinin tariflərinə qaldırmalıyıq və əlbəttə ki, bu, daha yüksək enerji qiymətləri deməkdir. Bugünkü eyni güzəştlər, şübhəsiz ki, artıq mövcud olmayacaq".
Bu deyilənlər açıq şəkildə erməni seçiciyə ünvanlanan mesajdır. Rusiya təbliğatı başda Putinin özü omaqla, birbaşa olaraq, Paşinyanın yenidən seçiləcəyi təqdirdə erməniləri Avrasiya İqtisadi İttifaqından qovulacaqları, Rusiyada onlara əvvəlki münasibətin göstərilməyəcəyi ilə hədələyir. Artıq hətta Paşinyanın yenidən seçiləcəyindən şübhələnən mərkəzi dövlət televiziyalarının, Kreml təbliğatçılarının və “Z-patriot”-ların efirlərində ermənilərə bir xalq olaraq mənfi münasibət, hətta nifrət meylli materiallar yayımlanır. Bu münasibət əsrlər boyu Rusiyanın qulluğunda duran, onun imperiya maraqlarına xidmət edən, əmrlərini yerinə yetirən, qonşularla düşmənçilik edib regionu qarışdıran ermənilər üçün “ən yüksək mükafat”dır./azpolitika.info