“SİZİN SİÇANINIZ OLMAĞA HAZIRAM...” - Orbanla Putinin telefon danışığı sızdırıldı

Macarıstanda seçki yaxınlaşdıqca, mediaya sızdırılan Viktor Orban hökumətinin Rusiya ilə əlaqələrinə dair kompromatlar çoxalır.

“Bloomberg”-in məlumatına görə, 2025-ci ilin oktyabr ayında Vladimir Putinlə telefon söhbəti zamanı Macarıstanın Baş naziri Viktor Orban ona Rusiyaya kömək etmək üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. Telefon danışığı Putinin ad günündən az sonra baş tutub və ilk olaraq Orban onu bu münasibətlə təbrik edib.

Danışıq zamanı Orbanla Putin bir-birini və Donald Trampı xeyli tərifləyiblər. Orban Putinə bacardığı qədər məddahlıq edərək deyib: "Dünən dostluğumuz o qədər yüksək səviyyəyə çatdı ki, mən hər cür kömək edə bilərəm. Kömək edə biləcəyim hər hansı bir məsələdə sizin qulluğunuzdayam".

Söhbət zamanı Orban Putinə Macarıstanda məşhur olan bir uşaq nağılından da bəhs edib. Həmin təmsilə görə, şir daha əvvəl siçanın həyatını bağışladığı üçün şir də tora ilişəndə siçan onu gəmirərək, şiri azad edib. Beləliklə, Orban özünü həmin siçana bənzədib və bu söz Putini güldürüb.

Söhbət zamanı Macarıstanın Baş naziri Putinlə dostluğunun 2009-cu ildə Sankt-Peterburqda başladığını və həmin vaxtdan bəri gücləndiyini qeyd edib: "Nə qədər çox dost qazansaq, rəqiblərimizlə qarşılaşmaq üçün bir o qədər çox imkanımız olacaq".

O, həmçinin Putinlə COVID-19 pandemiyasından əvvəl olduğu qədər şəxsən müntəzəm olaraq görüşə bilmədiyinə görə təəssüfləndiyini bildirib.

Eyni zamanda, Putin Macarıstanın Ukraynaya qarşı müharibədəki "müstəqil və çevik" mövqeyinə heyranlığını bildirib.

Orban və Putin həmçinin Trampı müzakirə edərək onu “ortaq dost” adlandırıblar. Tramp Budapeştdə Rusiya-ABŞ sammitinin keçirilməsi ideyasını dəstəkləyib. Putin Trampın qiymətləndirməsi ilə razılaşıb və Macarıstanı Avropada belə bir görüş üçün "yeganə məqbul məkan" adlandırıb. Putin Trampın iş tərzini tərifləyib, onu irəliyə doğru gedən "tank"la müqayisə edib və bundan "sevinc hissini" ifadə edib. Orban da öz növbəsində Trampın yanaşmasını "qasırğa" ilə müqayisə edib.

Macarıstanın Baş naziri sonda Putinə təşəkkür edib və rus dilində vidalaşıb.

“Bloomberg”-in qeyd etdiyi kimi, sızdırılan bu söhbət Aİ-nin Budapeştin Kremlin maraqlarına uyğun işlədiyinə dair şübhələrini təsdiqləyir. Xatırladaq ki, bir neçə gün əvvəl Macarıstanın Xarici işlər naziri Peter Siyartonun Rusiya XİN başçısı Sergey Lavrovdan tapşırıqlar aldığını əks etdirən səs yazısı yayılmışdı./azpolitika.info