Bakıda restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəməsi başlayıb.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, hadisə 25 sentyabr 2025-ci il saat 02 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən "Okean" restoranında baş verib.
Belə ki, Namiq Şirinli restoranda olan digər şəxslərin gözü arşısında, digər masada müştəri qismində əyləşmiş Babək və Asəf Qazıyev qardaşlarının masasına yaxınlaşıb pul tələb edib.
Onlar isə imtina etdikdə tərəflər arasında sözlü mübahisə yaranıb və restoranın həyətinə çıxıblar.
Namiq Şirinli xuliqanlıq niyyəti ilə məişət təyinatlı cib bıçağı ilə Babək Qazıyevin qarın nahiyyəsinə 1 dəfə vurub.
Daha sonra söz təqsirləndirilən şəxsə verilib. Namiq Şirinli ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.
Qeyd edək ki, Namiq Şirinliyə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.