TƏHLÜKƏLİ VİRUS YAYILIR - Ölənlərin sayı 160-a çatdı

Ebola virusunun yayıldığı Konqo Demokratik Respublikasında vəziyyət ağırlaşmaqda davam edir. 

Mayın 15-də elan edilən epidemiyada ölənlərin sayı 160-a yüksəlib. Hökumətin yaydığı son hesabata əsasən, ölkədə ümumilikdə 671 yoluxma faktı qeydə alınıb. Son 24 saat ərzində daha 13 yeni yoluxma təsdiqlənib. Onlardan 12-si İturi, 1-i isə Şimali-Kivu əyalətində aşkarlanıb.

Səhiyyə rəsmiləri bildiriblər ki, yayılan nadir “Bundibugyo” variantına qarşı təsdiqlənmiş vaksin və ya xüsusi müalicə üsulu mövcud deyil. Hazırda 1261 nəfər yaxın təmaslı nəzarətdə saxlanılır, ümumi təmaslı sayı isə 1441 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ölkə üzrə risk səviyyəsinin “çox yüksək”, regional səviyyədə “yüksək”, qlobal səviyyədə isə “aşağı” olaraq qiymətləndirildiyini açıqlayıb.

Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə Uqanda Konqo Demokratik Respublikası ilə bütün sərhədyanı sərnişin hərəkətini dayandırıb.

Qeyd edək ki, Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və Konqoda qeydə alınıb. 2014–2017-ci illərdə Qərbi Afrikada baş vermiş genişmiqyaslı epidemiyada 30 mindən çox insan yoluxmuş, 11 mindən artıq şəxs həyatını itirmişdi./azpolitika.info