“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, istintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.
Bundan sonra, köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib.
Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, istintaq zamanı 41 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilib və dəymiş maddi ziyandan 1 milyon 542 min 351 manatının ödənilməsi təmin olunub.