Saxta sənədlər hazırlayan şəxsə məxsus şirkətlər tenderlərin qalibi oldu

Saxta sənədlər hazırlayan şəxsə məxsus şirkətlər daha iki tenderin qalibi olub.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.

"

O bildirib ki, saxta sənədlər hazırlayan şəxsə məxsus şirkətlər iki tenderdə qalib gəlib:

“Ramil Qasımzadə adlı qiymətləndiricinin saxta sənədlər hazırlayaraq dövlət orqanlarına təqdim etməsi, “çətir şirkətlər” yaratması və saxta yollarla tenderlərdə qalib olması barədə məlumat vermişdik.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Ramil Qasımzadənin “Unprice” MMC, “Koral” MMC, “Azprice” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC adlı şirkətlər təsis edərək saxta sənədlər hazırlaması və təqdim etməsi, dövlət satınalmaları zamanı süni rəqabət təşkil etməsi və saxta yollarla dövlət tenderlərində qalib olmasına əsaslı şübhələr yaranması səbəbindən aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.

Dövlət satınalmasına saxta sənədlər təqdim etməsi faktı öz təsdiqini tapdığından və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr yarandığından Ramil Qasımzadəyə məxsus şirkətlər – “Unprice” MMC və “Koral” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sıralarından xaric edilib və ona aid 7 şirkətin hamısı cəmiyyətin “qara siyahısı”na salıb.

Eyni zamanda Ramil Qasımzadəyə məxsus bütün sertifikatlar ləğv edilib.

Lakin buna baxmayaraq, R.Qasımzadəyə məxsus şirkətlər bəzi dövlət qurumları tərəfindən elan olunan növbəti tenderlərin qalibi olub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan olunan “Ekspert (mütəxəssis) xidmətlərinin satınalınması -2” üzrə açıq tender müsabiqəsinin qalibi Ramil Qasımzadəyə məxsus “Unprice” MMC olub. Hansı ki, bundan əvvəl Ramil Qasımzadənin qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları məlumatlandırılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən elan olunan “Ekspert xidmətlərini satınalınması” müsabiqəsinin də qalibi Ramil Qasımzadəyə məxsus “Azvalue” MMC olub.

Hər iki müsabiqə 30.08.2023-cü il tarixdə keçirilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qeyd olunan dövlət satınalmalarının ləğv edilməsi və Ramil Qasımzadənin əməlinə hüquqi qiymət verilməsi üçün yenidən aiddiyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə AQC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib”./"yenicag.az"