Sabiq bələdiyyə sədri bəraət aldı - Baş Prokurorluq hökmdən protest verdi

Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğluna bəraət verilməsi, eləcə də, ittiham olunduğu cinayət əməlinə tam qiymət verilməməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli hökmündən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynova avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Əhməd Hüseynova qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilmədiyindən ona bəraət verilib.

Prokuror ona 5 il həbs cəzası istəmişdi.

Əhməd Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməkdə, habelə rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 29.178.4-cü (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Ə.Hüseynov həbsdə deyildi, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.