“New Life” reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə ittiham olunan əməkdaşlarının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edib.
Prokuror dəstə üzvlərinin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Orucəli Heydərov və Elvüsal Hüseynovun 11 il, Sərxan Əliyevin 10 il 6 ay, Famil Rzayev və Qənbər Həsənovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, “New Life” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.
Mərkəzin rəhbəri Orucəli Heydərov, digər əməkdaşları Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.
İddia olunur ki, işgəncə nəticəsində pasientlərdən biri olan Hüseyn Məmmədov ölüb.
Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.
Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayevə, həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.