Qondarma rejimin sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib - DSX

Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.