Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək.
Bu barədə Rusiya Prezidentinin Dəftərxanası məlumat verib.
“Qarşılıqlı razılaşmaya əsasən, Rusiya Prezidenti Vladimir Putin sammitdə iştirak etməyəcək”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, sammitdə Putini Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Bundan başqa, sammitdə Çin, Braziliya, Hindistan və Cənubi Afrika liderləri də iştirak edəcəklər.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bununla bağlı öz “Twitter” hesabında fikrini bildirib.
“Vladimir Putinin BRİKS sammitində şəxsən iştirakdan imtina etməsi beynəlxalq hüququn qüvvədə olduğunu göstərir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilən şəxs hələ də “prezident” statusuna malik olmasından asılı olmayaraq, BRİKS sammiti üçün Cənubi Afrikaya getməyəcək. Beynəlxalq hüquq belə işləməlidir”, - deyə Podolyak vurğulayıb.
“Cinayət törətmisiniz? Ətrafınıza baxmağa başlayın. İstənilən imkanların məhdudlaşdırılması, hərəkət qorxusu, özünütəcrid, reputasiyanın çökməsi. Sonda isə mütləq şəkildə müttəhimlər kürsüsü”, - deyə o əlavə edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Vladimir Putinin həbsinə order verilməsi səbəbindən onun Cənubi Afrikaya BRİKS sammitinə gedəcəyi təqdirdə həbs olunması müzakirə edilirdi.
Mənbə: Lenta.ru, RBC-Ukrayna