Prokurorluq Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin hökmündən protest verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
“Kəlbəliyev Elşad Məhərrəm oğlunun təqsirləndirildiyi əməlin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməsi və cəzasının azaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından Baş Prokurorluq tərəfindən Ali Məhkəməyə kassasiya protesti verilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, 2021-ci il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bu ilin fevralında müdafiə tərəfi və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.
Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikirlərini dinlədikdən, təqdim edilən sübutlara qiymət verdikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıb. Qərara əsasən, E.Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.