Sabunçu Rayon Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Pərixanım Nəsrəddinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P. Nəsrəddinovanın əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
Məhkəmədə təqsirləndirilən şəxsin başqa hər hansı sübutla təkzib edilməyən ifadəsi və hadisənin videogörüntüləri əsasında məlum olub ki, yol-nəqliyyat hadisəsi zamanı sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmayıb. Eyni zamanda ərazidə hər hansı piyada zolağı da müəyyən edilməyib.
Xatırladaq ki, P. Nəsrəddinovaya elan edilmiş ittihama əsasən, onun yol hərəkəti qaydalarını ehtiyatsızlıqdan pozması zərərçəkmiş şəxsin ölümünə səbəb olub. Belə ki, o, Bakıda idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə 07 noyabr 2022-ci il tarixdə yolu keçmək istəyən piyadanı vurub. Nəticədə zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.