“Biz Gürcüstanın birliyini, suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini və demokratiyasını tam və birmənalı şəkildə dəstəkləyirik”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dünən keçirdiyi onlayn mətbuat konfransında deyib. Paşinyan bunu İrəvanın Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın işğal olunmuş əraziləri kimi tanımağa hazır olub-olmadığına dair sualı cavablandırarkən söyləyib. Məlum məsələdir ki, Paşinyanın bu mövqeyi Abxaziya və Cənubi Osetiyanı faktiki olaraq işğal etmiş və sonradan onların “müstəqilliyini” tanımış Kremlə qarşı növbəti demarşdır. KTMT başda olmaqla, Rusiyanın təşkil etdiyi bütün bloklarda təmsil olunan, ərazisində Rusiyanın hərbi bazası olan, sərhədləri Rusiya qoşunları tərəfindən qorunan, iqtisadiyyatının strateji sahələri Rusiyanın inhisarında olan Ermənistanın bu mövqeyi, əlbəttə ki, Moskvada razılıqla qarşılana bilməz...
Unutmaq lazım deyil ki, Rusiya hələ 2008-ci ildə Gürcüstana hücum edəndə Gürcüstan əraziləri və qoşunları Ermənistandakı aviabazadan qalxan Rusiya təyyarələri ilə bombalanırdı. Abxaziyada gürcülərə qarşı erməni batalyonları döyüşürdü. Xristian Ermənistan isə müharibədən qaçan gürcülər üçün sərhədlərini bağlamışdı. Həmin vaxt məhz Azərbaycan öz qapılarını Gürcüstanın üzünə açmışdı və yanacaq da daxil olmaqla, hər vasitə ilə qonşu xalqa kömək göstərmişdi.
Paşinyan hakimiyyətə gələndən sonrakı iki il ərzində də Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə münasibətində ciddi dəyişilik olmadı. Özü işğalçı olan dövlət digər işğala məruz qalmış qonşusu – Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bugünkü kimi açıq bəyan edə bilməzdi. Fərq yalnız onda idi ki, Paşinyana qədər Ermənistan BMT-dəki səsvermələrdə Gürcüstanın ərazi bütövlüyünü nəzərdə tutan səsvermələrdə bunun əleyhinə səs verdiyi halda, daha sonra Paşinyanın dediyinə görə, bu səsvermələrdə bitərəf qalırdı. Hansı ki, bu da heç nəyi dəyişmirdi və faktiki olaraq, İrəvan qonşu ölkənin ərazi bütövlüyünü sual altına alırdı.
Ancaq bir dövlət bu vəziyyəti dəyişdi və həmin dövlətin adı Azərbaycandır! Məhz Azərbaycanın qələbəsindən və öz ərazisini separatçılardan təmizləməsindən sonra Ermənistan qonşu Gürcüstanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bəyan edə bildi, daha doğrusu, buna məcbur oldu. Çünki bunu ondan həm də Qərbdəki yeni sahibləri tələb edirdi...
Xatırladaq ki, 2018-ci ildə hakimiyyətə gələn “qərbpərəst” Paşinyan 2020-ci ildə baş verən 44 günlük müharibədəki məğlubiyyətə qədər Rusiyadan az qala “pir deyib yapışmışdı”. O, guya “qərbpərəst” olmaqla bərabər KTMT-nin və Avrasiya İqtisadi İttifaqının(Aİİ) bütün tədbirlərində can-başla iştirak edirdi.
O zaman belə çıxır ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiyanın işğalçı olduğunu bilə-bilə onunla KTMT kimi hərbi blokda, yaxud Aİİ-də yaxın tərəfdaş olub və bu gün də həmin bloklarda qalmaqdadır. Digər yandan, yalnız indi qonşu Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərinin Rusiya tərəfindən işğal edildiyini etiraf edən Paşinyan nədənsə hakimiyyətinin ilk illərində digər qonşu ölkə olan Azərbaycanın ərazi bütövlüyünü tanımırdı və təbii ki, Azərbaycan ərazilərinin Ermənistanın özü tərəfindən işğal edildiyini etiraf etmirdi. Hətta “Qarabağ Ermənistandır və nöqtə” deyirdi.
44 günlük müharibədən əvvəl Paşinyan hakimiyyəti nə Azərbaycanın, nə də Gürcüstanın ərazi bütövlüyünü tanıdığını demirdi. Yalnız təpəsinə yumruq dəyəndən sonra təkcə Azərbaycanın deyil, Gürcüstanın da ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Çünki əsas hərbi himayədarı, arxa-dayağı kimi Rusiyanı görürdü. Lakin Rusiyaya olan ümidləri puça çıxandan sonra ritorikasını dəyişdi. Deməli, Azərbaycanın qələbəsi Gürcüstan da daxil olmaqla, ərazisində separatçı qurumlar olan bütün dövlətlərin işinə yaramış oldu...
Paşinyanın və cəmiyyət olaraq Ermənistanın “qərbpərəstliyi” nə qədər “səmimidirsə”, onun qonşu dövlətlərin ərazi bütövlüyünü tanıması, onlarla mehriban, sülh və əmin-amanlıq içərisində yaşamaq istəyi də bir o qədər “səmimidir”.
Hər zaman ikiüzlü və ikibaşlı mahiyyəti ilə seçilən erməni siyasəti, dövləti və cəmiyyəti, onu əsrlər boyu himayə etmiş Rusiya kimi, gücdən başqa heç bir dil anlamır və onu bu cür bəyanatlar verməyə vadar edən də məhz qarşısında gördüyü güc və başına dəyən yumruqdur.../azpoltika.info