Co Bayden administrasiyasının Ukraynaya Rusiya ərazisinə ATACMS raketlərilə zərbələr endirməsinə icazə vermək qərarı çoxlu müzakirələrə və narahatlıqlara səbəb olub. Bununla belə, Amerika kəşfiyyatının hesablamalarına görə, nüvə eskalasiyası riski çox aşağı olaraq qalır.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ kəşfiyyatı Rusiyanın nüvə silahından yox, başqa üsullardan istifadə edəcəyi qənaətindədir. Kəşfiyyat hesab edir ki, Rusiya Qərbə təzyiq göstərmək üçün təxribat və kiberhücumlar kimi hibrid müharibə üsullarını gücləndirəcək.
Məlumatda deyilir: “ABŞ kəşfiyyatı nüvə eskalasiyası ehtimalını aşağı səviyyədə qiymətləndirir. Vladimir Putinin ritorikasına və Rusiyanın nüvə doktrinasında dəyişikliklərə baxmayaraq, Moskva açıq-aşkar hərbi üstünlüyünün olmaması səbəbindən nüvə silahından istifadə etməyə hazır deyil.
Nüvə variantına son çarə kimi baxılır, ondan əvvəl digər təsir üsullarından, xüsusən təxribat və kritik infrastruktura hücumlardan istifadə olunacaq. Çox güman ki, Rusiya Ukraynanı dəstəkləyən ölkələri qorxutmaq üçün Avropada təxribat əməliyyatlarını və kiberhücumları gücləndirəcək. Rusiya agentlərinin geniş şəbəkəsi vasitəsilə mümkün hərəkətlər edilə bilər.
Amerika rəsmiləri ABŞ hərbi bazalarına və ya digər strateji obyektlərə mümkün hücumlardan narahat olduqlarını bildiriblər.
Rusiyada Şimali Koreya qoşunlarının mövcudluğu Ukraynaya uzaq məsafədən zərbələr endirmək icazəsi üçün təzyiqləri artırıb. Bu, Vaşinqtona Rusiyanın əlavə resursları səfərbər etdiyinə dair siqnal idi və güclü cavab tələb edirdi.
Bayden administrasiyası əvvəlcə eskalasiyadan qorxdu, lakin sonra onun mövqeyi sərtləşdi. Bununla yanaşı, kəşfiyyat hesab edir ki, ATACMS-la bağlı qərar çox gec verilib”./azpolitika.info