"Bu ssenaridə Ermənistan mütləq şəkildə uduzacaq və nəticələr onun üçün görünməmiş dərəcədə fəlakətli olacaq".
Stopnarkotik.az xəbər verir ki, bunu report-a açıqlamasında Moskvada yaşayan amerikalı mütəxəssis, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Koribko deyib.
O söyləyib ki, İrəvan Rusiyanı İkinci Qarabağ müharibəsinə cəlb edə bilmədi. Ona görə də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan bölgədən geri çəkilmə öhdəliyini həyata keçirtməyi gecikdirmək üçün Fransanı prosesə qoşmağa cəhd göstərir: “İrəvan hesab edir ki, Moskva və Parisi öz xeyrinə bir-birinə qarşı oynada bilər, lakin bu yanaşma uğursuzluğa düçar olacaq. Rusiya və Ermənistan arasında qarşılıqlı inamsızlığın artma ehtimalı yüksəkdir. Bununla belə, Kremlin imkanları məhduddur, çünki o, real olaraq nə İrəvanı geri çəkilməyə məcbur edə, nə də onun xarici siyasətinə nəzarəti ələ keçirə və Fransanın Cənubi Qafqaza müdaxiləsinə mane ola bilər”.
E.Koribkonun fikrincə, Rusiya hələlik Ermənistanı 2020-ci ilin noyabr bəynatını yerinə yetirməyə razı salmaq üçün diplomatik vasitələrdən istifadəni davam etdirəcək. Ekspert söyləyib ki, bu cəhdin uğursuzluqla nəticələnmə ehtimalı da var: “Həmçinin, Fransanın yaxın gələcəkdə Ermənistan üzərində daha çox təsirə malik olması mümkündür”.
Siyasi şərhçinin sözlərinə görə, bu dəyişən dinamikanın başqa bir münaqişəyə səbəb olub-olmayacağı hələ də qeyri-müəyyəndir: “Ancaq münaqişə baş verəcəyi təqdirdə Ermənistan Rusiya və ya Fransanın Azərbaycana qarşı müharibəyə başlamasını gözləməməlidir. Ermənistan bu ssenaridə mütləq şəkildə uduzacaq və bunun nəticələri onun üçün görünməmiş dərəcədə fəlakətli ola bilər. Ona görə də erməni xalqı bunun baş verməməsi üçün öz hökumətinə beynəlxalq öhdəliklərini mümkün qədər tez yerinə yetirməsi yönündə təzyiq etməlidir”.