Narkotikə görə saxlanılan Kənan Doğulu və Beren Saat sərbəst buraxıldı

İstanbulda narkotik istifadəsinə görə saxlanılan tanınmış müğənni Kənan Doğulu və həyat yoldaşı Beren Saat sərbəst buraxılıb.

Stopnarkotik.az "TRT haber"ə istinadən xəbər verir ki, ötən gün narkotik ittihamı ilə saxlanılan və aralarında məşhur simaların da olduğu 23 nəfər məhkəməyə çıxarılıb.

Məhkəmənin qərarı ilə şübhəlilərdən Tolga Çam, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyegen, Mehmet Yıldız, Tessy Ramos Correia və Rafet Eren Yorulmazer barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlardan Kənan Doğulu, həyat yoldaşı aktrisa Beren Saat, qardaşı Ozan Doğulu, müğənnilər-Berdan Mardini ilə Yaşar İpek və digərləri haqqında həbs qərarı çıxarılmayıb, onlar müəyyən müayinələrdən sonra sərbəst buraxılıblar.

Xatırladaq ki, Türkiyədə ötən gün narkotik istintaqı çərçivəsində 22 nəfər saxlanılıb. Onlar arasında müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Kerimcan Durmaz, Berdan Mardini və Enis Arıkan da istintaqa cəlb edilib.