Oxucularımıza da bəllidir ki, Stopnarkotik.az saytı olaraq, hər gün Azərbyacanda narkomaniyaya qarşı mübarizənin gedişatını müşahidə altında saxlayırıq. Təbii ki, bu mövzuda rəsmi nəticələrlə yanaşı, bizim gəldiyimiz qənaətlər də var.
Amma ümumi mənzərəyə əsasən dəfələrlə qeyd etmişik ki, narkotiklərin müsadirə olunduğu, narkotik alverçilərinin saxlandığı əməliyyatlar görüntülü aparılmalı və cəmiyyətlə paylaşılmalıdır. Bu baxımdan, elə qardaş Türkiyədə dəfələrlə böyük narkotik partiyalarının ələ keçirilməsi və narkotk alverçilərinin yaxalanması əməliyyatarının videogörüntülü şəkildə aparılmasını misal göstərmişik. Ukraynada da bu tipli əməliyyatın görüntülü çəkildiyini və nümayiş etdirildiyini vurğulamışıq.
Təqdirəlayiqdir ki, ötən həftə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonun ərazisində keçirdiyi əməliyyat videogörüntülü formatda yayımlandı. Bu addım cəmiyyətdə müzakirə mövzusuna çevrilən - həbs olunan narkotik alverçilərinin içində günahsız olaraq şərlənməyə məruz qalanların var olması, əsl alverçilərin həbsdən yayına bilməsi, yaxud hansısa himayəçilərin sayəsində azadlıqda qalması, hətta tutulsa da asanlıqla həbsdən çıxmasına şərait yaradılması və yenidən narkotik satışına davam etməsi haqda söz-sözhbətlərə aydınlıq gətirər. Bu, həm də cəmiyyətdə narkomaniyaya və narkoticarətə qarşı mübarizəyə də töhfə verər və tərəflər arasında konsensus yaradar. Bu baxımdan, bir daha qeyd edirik ki, narkotik əməliyyatlarının görüntülü şəkildə qeydə alınması və nümayişi vacib və zəruridir. Yuxarıda da dediyimiz kimi, artıq belə addımın atılması alqışlanmalıdır.
Digər tərəfdən, narkotik alverçlərinin folklor deyiminə çevrilmiş “narkotiki tanımadığım iranlı narkotacirdən harasa-kiməsə çatdırmaq üçün almışam” frazası da artıq ifşa hədəfi olmalıdır. Bunun üçün mobil operatorlar da əməliyyat prosesinə qoşula bilər. Belə ki, “iranlı narkobaron”un həqiqətən də kuryerlərə təlimat verib-vermədiyi, yoxsa bu işin arxasında da hansı maraqlı qüvvələrin olub-olmadığı ortaya çıxar və bütün bunlar əməliyyatların da uğurla aparılmasına kömək edər.
Biz cəmiyyətimizin gələcəyi naminə daha çox narkotik alverçisinin ifşa edilməsi və “iranlı narkotacir hekayəsi”nə də son aydınlanma nöqtəsinin qoyulmasını diləyirik.
Stopnarkotik.az