Müəllimin ölümünə səbəb olan şəxsə hökm oxundu

Qubada sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə ana və iki azyaşlı uşağını vuran 41 yaşlı Süleyman Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Stopnarkotik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində ana - Günay Fərzəliyeva ölüb, uşaqları isə xəsarət alıblar.

Məhkəmədə G.Fərzəliyevanın həyat yoldaşı hüquqi varis kimi tanınıb.

Təqsirləndirilən şəxs günahını boynuna alsa da, məhkəmədə ifadə verməkdən imtina edib. Onun istintaqdakı ifadəsindən məlum olub ki, hadisə baş verən vaxt toydan qayıdırmış. Həmin gün toyda dostları ilə spirtli içki qəbul edib, içkili vəziyyətdə öz avtomobili ilə yola çıxıb. O, qəza vaxtı özündə olmadığına görə hadisəni tam xatırlamadığını deyib.

Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən ilin oktyabrında baş verib. Quba şəhər sakini Süleyman Məmmədov hadisəni “Hyundai Sonata” markalı avtomobili ilə törədib.

Qeyd edək ki, qəza nəticəsində vəfat edən G.Fərzəliyeva Quba rayonu, Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.