Məhkəmədə Xaçatryanla üz-üzə dayanan Murad Hüseynov kimdir? - FOTO

Xocalının Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçatryanın ötən gün keçirilən ilk məhkəməsi bir sıra maraqlı məqamlarla yadda qaldı. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri də Murad Tofiq oğlu Hüseynovdur.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, eyni zamanda, Xocalı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olan Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı səkkiz yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.

Dünənki məhkəmədə Vaqif Xaçatryanla üz-üzə dayanan zərərçəkmiş Murad Hüseynov Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.

Tofiq Hüseynovun övladlarını - Murad, Yasəmən, Əfsanəni isə Xocalıdan çıxan axırıncı helikopterlə xalaları Mehparə xanım çıxarıb. Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova isə tapılmayıb. Onun ermənilər tərəfindən qətlə yetirilməsi faciədən 16 il sonra üzə çıxıb. Belə ki, Hüseynovlar ailəsi rusiyalı jurnalistin Xocalıda çəkdiyi kadrlara baxanda babasıgilin evinin qarşısına Məxmər xanımın, bacısı Məhbubənin və onun övladları Çinarə ilə Çingizin meyitini görüblər. Bunadək ailə onları əsir bilirmiş...

Faciə zamanı hərbçi Bakir Hüseynov da Xocalıda döyüşlərdə iştirak edib. Onun taleyi ilə bağlı həmin gecədən indiyədək heç bir məlumat yoxdur. O, erməni vandalizmi nəticəsindən itkin düşən minlərlə soydaşımızdan biridir.

Milli Qəhrəman Tofiq Hüseynova gəlincə, o, 1954-cü ildə Xocalıda anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb. Qarabağ müharibəsi başlayandan sonra, 1991-ci ildə Xocalıda özünümüdafiə taborunun yaradıcılarından biri olub. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Birinci Qarabağ müharibəsi zamanı bir sıra qəhrəmanlıqlarla yadda qalan, yüzlərlə soydaşımızı təhlükəsiz əraziyə köçürməyi bacaran Tofiq Hüseynov son döyüşündə qumbaranı sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı düşmənləri də partladıb. Onun nəşi 20 gün sonra erməni əsirlə dəyişdirilib. Milli Qəhrəmanımız Bakının Şəhidlər xiyabanında dəfn olunub.