"Sky News" agentliyi İranın Ukraynadakı müharibəsi üçün Rusiyaya döyüş sursatı satdığına dair ilk müfəssəl sübut haqqında iddia irəli sürüb.
Adı açıqlanmayan təhlükəsizlik mənbəyi İranın Rusiyaya Ukrayna müharibəsi üçün sursat satdığına dair silah müqaviləsini "Sky News"a təqdim edib .
14 sentyabr 2022-ci il tarixli 16 səhifəlik silah müqaviləsində dəyəri 1 milyon dollardan çox olan müxtəlif ölçülü artilleriya, tank mərmiləri və raket nümunələrinin tədarükü barədə razılaşma var.
Mənbə sənədin 100% həqiqi olduğunu vurğulayıb: "Biz bunun 100% həqiqi olduğuna inanırıq. Burada dəyəri 1 milyon dollardan (800.000 funt sterlinq) bir qədər çox olan müxtəlif növ sursatlar göstərilir".
Rusiyanın Böyük Britaniyadakı səfirliyi, eləcə də İranın Böyük Britaniyadakı səfirliyi silah müqaviləsi ilə bağlı iddialara və sənədlərin həqiqiliyinə dair sorğuya cavab verməyib. "Sky News" sənədləri may ayında Britaniyaya səfər edən Ukraynanın Baş naziri Denis Şmıqala və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərdiyini söyləyib. Kiyev və London materialın həqiqiliyi ortaya çıxarsa, tədbir görəcəklərini bildiriblər./apa