30 il ermənlərin işğalı altında olan torpaqlarımız 44 günlük savaş nəticəsində geri qaytarılsa da, növbəti müharibə təhlükəsi hələ də qalır. Çünki erməni silahlı qüvvələri tez-tez cəbhə xəttində təxribatlar törətməklə, ölkəmizin suverenliyinə qəsd etməyə çalışırlar. Məhz bu səbəbdən, Azərbaycan Ordusunun hələ də Qarabağ cəbhəsində vuruşduğunu deyə bilərik.
Ən pisi isə odur ki, biz indi təkcə Qarabağda deyil, daha bir cəbhədə də savaşırıq. Söhbət, artıq 2 ildən çoxdur İranın ölkəmizə qarşı apardığı “narkotik savaşı”na müqavimətdən gedir. Hansı ki, müvafiq dövlət qurumları indi Qarabağ cəbhəsində vuruşmaqla yanaşı, İrandan narkotik axınının qarşısını kəsmək, eləcə də ölkə daxilində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ciddi mübarizə aparmaqdadırlar. O cümlədən, Prezident İlham Əliyevin də bu məsələyə çox ciddi yanaşdığı və Azərbaycanın narkomaniya bəlasından xilas olması istiqamətində aidiyyəti dövlət idarələrinə müvafiq göstərişlər verdiyi haqda informasiyalar var.
Əlbəttə, hazırda birinci cəbhədə - Qarabağda savaşmaq Azərbaycan dövləti üçün daha asandır. Çünki ordumuz 44 günlük savaşda öz gücünü bütün dünyaya göstərməklə yanaşı, bu cəbhədəki düşmənlərimiz də bəllidir. Yəni indi hər kəsə məlumdur ki, Ermənistan, Rusiya, İran və Fransa Azərbaycana qarşı açıq düşmənçilik siyasəti aparır, istər siyasi, istər iqtisadi, istər hərbi, istər də digər sahələrdə ölkəmizə zərbə endirmək üçün fürsət gözləyirlər.
İkinci cəbhənin – “narkotik savaşı”nın ideoloqları İrandakı molla rejimi olsa da, bu “savaş”da əsasən “sapı özümüzdən olan baltalar”dan istifadə olunması mübarizə imkanlarımızı xeyli çətinləşdirir. Üstəlik, bu cəbhənin ideoloqları ölkəmizə qarşı daha xain metodlardan istifadə edirlər. Belə ki, Azərbaycanı ucuz sintetik narkotiklərlə doldurmaqla, nəinki təkcə Bakıda və digər iri şəhərlərdə, hətta ucqar kəndlərdə belə, gənclərimizi narkomaniya bəlasına düçar etməklə, onların məhvinə çalışırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, aidiyyəti dövlət qurumları İranın bu mənfur, xain planının qarşısını almaq üçün bütün imkanlarını səfərbər edir. Lakin etiraf etməliyik ki, bu problemin qarşısını nəinki kəsmək mümkün olub, əksinə, ölkədə vəziyyət günbəgün ağırlaşır. Bu isə onu deməyə əsas verir ki, molla rejiminin çirkin niyyətinin həyata keçməməsi üçün bütün səlahiyyətli orqanlar öz səylərini birləşdirməli, daha qətiyyətli addımlar atılmalıdır. Unutmaq lazım deyil ki, əks halda yaxın gələcəkdə - 15-20 il sonra hərbi xidmətə aparmağa əsgər tapmayacağıq.
Belə bir deyim var: “Sülh İstəyirsənsə, müharibəyə hazır olmalısan”. Biz toplum olaraq İranın ölkəmizə qarşı açdığı daha ağır “narkotik savaşı”na hazır olmalıyıq. Vətəndaşlarımız bu məsələdə əlindən gələni əsirgəməməlidir. Ətrafımızda baş verən olaylara, narkotik dəllalarının məhlələrimizdə, təhsil ocaqlarının yan-yörəsində “at oynatması”na, yeniyetmələrimizi, gənclərimizi zəhərləməsinə, onları ömürlük şikəst etməsinə seyrçi qala bilmərik. Çünki, belə getsə, narkotik bəlası gec-tez hər birimizin “qapısını döyəcək”, ən azı bir yaxınımız, doğmamız, tanışımız bu problemdən əziyyət çəkəcək.
Bütün bunlara paralel olaraq, Azərbaycanda da “Tokaev planı” rəsmi səviyyədə işə düşməlidir. Belə ki, Cinəyət Məcəlləsinə dəyişiklik edilməli, narkotik ticarətçilərinə daha ağır cəzalar (15 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə) verilməklə yanaşı, onların əmlakları müsadirə edilməlidir. Bütün bunlara paralel olaraq, narkotiklərin sərhəddən daxil olmasına, eləcə də ölkədə qanunsuz döriyyəsinə qarşı mübarizədə öz səlahiyyətlərini icra etməyən, narkotik alverinə bu və ya digər səbəblərdən göz yuman məmurlar ən sərt şəkildə cəzalandırılmalı, eynilə, onların vəzifədə olan yaxınları da işdən azad edilməlidir və s.
Həmçinin, Stopnarkotik.az saytının bundan öncə də təklif etdiyi kimi, ölkəmizə narkotik axınının önünü kəsmək üçün İran-Azərbaycan sərhədi boyunca müasir tələblərə cavab verən istehkam qurğuları qurulmalıdır. Əks halda problemin həlli istiqamətində “yerimizdə saymaqdan” başqa heç nəyə nail ola bilməyəcəyik.
Stopnarkotik.az