İcra başçısının qardaşının ölümü ilə bağlı cinayət işi başlanıb

Lənkəran rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı cinayət işi başlanılıb.

Stopnarkotik.az-ın əldə etdiyi xəbərə görə, ötən gün rayonun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, ötən gün Azər Qaraşovun yaşadığı evdə özünü güllələyərək öldürməsi barədə məlumat yayılıb.

Lənkəran rayon İcra Hakimiyyətindən isə APA-ya bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.