Gürcüstanda sürüşmə nəticəsində ölənlərin sayı artdı

Gürcüstan xilasediciləri ölkənin dağlıq Raça-Lexum Svaneti mxaresinin (vilayət) Şovi kurortunda sürüşmə nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar ediblər. Məlumata görə, qurbanların ümumi sayı 29-a çatıb. 

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Oni bələdiyyəsinin təbii fəlakət zonasında aparılan axtarış tədbirləri zamanı xilasedicilər daha bir cəsəd aşkar ediblər. Hazırda təbii fəlakət zonasında 29 cəsəd tapılıb, daha 4 nəfərin axtarışları davam etdirilir”, - məlumatda bildirilib.

Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Show” mehmanxanasına ziyan dəyib. İlkin məlumatlara görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq əraziyə düşüb. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.