GÖYÇAYDA TƏHLÜKƏ! Zibil poliqonundakı tullantılar suvarma arxlarına töküldü

Bu gün axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları dağətəyi ərazidə yerləşən Göyçayın Qarabaqqal və Bığır kəndlərinin əhalisi üçün təhlükə yaradıb.

Stopnarkotik.az xəbər verir ki, sel suları Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunu dağıdıb, ərazidəki tullantılar yaxınlıqdakı Qarabaqqal və Bığır kəndlərinin suvarma arxlarına tökülüb. Nəticədə arxın suyunu içən ev heyvanları üçün, eləcə də əkin sahələrini suvaran, arx suyundan məişətdə istifadə edən insanların sağlamlığı üçün təhlükə yaranıb. Yerli əhali şəhərin böyük zibilxanasını yuyaraq kəndlərə gedən sudan insanlara xəstəliklər keçəcəyindən narahatdı.

Qeyd edək ki, Göyçay şəhərinin zibil və tullantıları Qarabaqqal kəndinin yuxarı hissəsinə, mal-qaranın dağlıq ərazidəki örüş sahəsinə tökülür və orada yerli əhalinin narazılığına baxmayaraq zibil poliqonu yaradılıb. Ətrafı və üstü açıq olan bu zibil poliqonuna daxil olan iri və xırda buynuzlu heyvanlar oradakı tullantıları yediyi üçün zəhərlənərək ölür.

Ərazidəki tullantılar tez-tez yandırılır və oradan havaya qalxan zəhərli tüstü yaxınlıqdakı Qarabaqqal, Hacalıkənd və Bığır kəndlərinin sakinlərini çox narahat edir. Yerli əhali bu zibil poliqonunun tezliklə başqa əraziyə köçürülməsini istəyirlər.