“Ermənistan rəhbərliyi danışıqlar prosesini süni surətdə ləngidir. Vaxt udmaq və regionda formalaşmış mövcud status-kvonu möhkəmləndirmək məqsədilə əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayınır”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə bu gün Fransanın "L'Opinion" nəşrində Laçın yolu ətrafındakı vəziyyətlə bağlı dərc olunan məqalədə deyilir.
Məqalənin müəllifi Jan-Dominik Merşe Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirərək yazır: “Erməni tərəfinin məqsədi mümkün qədər vaxt udmaq və mövcud status-kvonu möhkəmləndirməkdir”.
J.Merşe yazır ki, erməni separatçılar Azərbaycan hakimiyyətinin göndərdiyi un karvanını Qarabağda ermənilərin yaşadığı yaşayış məntəqələrinə buraxmamaq üçün bu həftə Ağdam-Xankəndi yolunu bağlayıblar. Onlar bu davranışı Azərbaycanın bu ərazilər üzərində suverenliyini tanımaq istəməməsi ilə izah edirlər.
Bakı isə öz növbəsində məsələnin siyasiləşdirilməsini yolverilməz hesab edir. Əhalinin ərzaq və digər zəruri mallarla təmin olunmasının müxtəlif yolları ilə bağlı hər hansı ayrı-seçkiliyi rədd edir.
Müəllif yazır ki, Azərbaycan da Ağdamdan keçən yolun bağlanmasından sonra Laçın yolunun açılmasını təmin etməyə hazır olduğunu bəyan edib.
“Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda konkret irəliləyiş olmadığı halda hərbi qarşıdurma riski artır”, - Elçin Əmirbəyov qeyd edib.