Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 1-ci yarımil ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 582 kiberhücum indikatoru (IOC) müəyyən edilmiş və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.
Dövlət Xidmətinin məlumatına görə, bu kibertəhdidlərin 251-i daxili araşdırma, 331-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.
Bununla yanaşı, 1-ci yarımildə xidmət kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 52 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını alıb. Bunun nəticəsində hakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulub və kiberhücum cəhdləri qabaqlanıb.