Dənizdə boğulan yeniyetmələrdən daha birinin meyiti tapıldı

Siyəzən rayonunda dənizdə batan şəxslərdən daha birinin meyiti tapılıb.

 Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.

Qeyd edək ki, iyulun 23-də Siyəzən rayonunun Zarat kəndi yaxınlığında dənizdə 3 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dənizdə boğulanların Zarat kənd sakinləri 16 yaşlı Mehdi Manafov, 17 yaşlı Rəvan Bəşirov və onun həmyaşıdı - Bakı şəhər sakini Nemət Əhmədov olduğu məlum olub. Bu gün səhər 17 yaşlı Nemət Əhmədovun meyiti Xəzərin Zarat kəndi ərazisindən keçən hissəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.